Ölkə 14:49 29.02.2020

Fəzail Ağamalı: “Şəhid ailələrinə, müharibə əlillərinə dövlət hər cür qayğı göstərir”

"Müharibə veteranlarına dövlətin nəzarətində xüsusi diqqət göstərilir".

Qaynarinfo xəbər verir ki, bu sözləri 7news.az-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

O bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olanlar dövlətin  dəyərli insanlarıdır:

"Müharibə veteranlarının təminatında hər hansı problem görünmür. Onlar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olan dəyərli insanlardır. Onlara diqqət göstərmək dövlətin xüsusi nəzarətindədir”. 

Millət vəkili şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı məsələsinə də münasibət bildirib:

"Hər il şəhid ailələrinin, müharibə əlillərinin əmlaki təminatına diqqət yetirilir. Nəzərə almaq lazımdır ki, növbədə gözləyənlər çoxdur. Bu gün onlar evlə təmin olunur, hətta onlara ayrılmış torpaq sahələrində ayrıca evlər də tikilir.

Eyni zamanda belə həssas qruplar nəqliyyatla təmin olunurlar. Dövlətin qayğısı bu istiqamətdə var və bunu problem adlandırmaq olmaz”.