Foto 15:52 17.03.2019

Fikrət Fərəməzoğlu: “Adımın əfv siyahısında olacağına inanmırdım” (FOTOLAR)

Jurnalist Fikrət Fərəməzoğlu da prezidentin əfv fərmanı ilə azad olunanlar sırasındadır və bu gün səhər saatlarında azadlığa buraxılıb, artıq evindədir.

Musavat.com-un əməkdaşı onların evində olub.

F.Fərəməzoğlu bildirib ki, qabaqcadan əfv olunacağını bilmirdi: "Ümumi əfv veriləcəyini bilirdim, amma adımın həmin siyahıda olacağına inanmırdım. Dünən 17:30-da bilindi ki, əfv siyahısında adım var. Mənə qədər əfvə düşən digər siyasi məhbusların adları məlum idi, ən axırıncı mənim adım gəldi”.

Jurnalist bütövlükdə əfv fərmanını yüksək qiymətləndirib: "Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Hətta bir insanın azadlığa çıxması böyük hadisədir. Çünki həbsdə cinayət törətmiş şəxs belə, mənəvi əzab çəkir”.

F.Fərəməzəoğlu 2 il 8 ay 17 gün dustaq olduğunu qeyd edib: "Evə gələndə elə bildim ki, işə getmişdim. İlk növbədə həbsxanaya adaptasiya olmağı tez bacardım. Prinsip etibarilə elə bil, böyük qəsəbədə yaşayırdım, sadəcə kontingent fərqli idi. O baxımdan saxlanma şəraitimdən narazı deyildim. Ümumiyyətlə, həbs böyük akademiyadır. Biz kimi hər bir jurnalistin azı 1 il orada qalması lazımdır (gülür - E.S). Həbsxana informasiya, psixologiya, həyat, mənəviyyat baxımdan, adama çox şey öyrədir, sadəcə, diplomu yoxdur”.

O, jurnalist fəaliyyətini bərpa edəcəyini söyləyib, eyni zamanda siyasi ekspert kimi də çıxışlar etmək fikrində olduğunu bildirib.