Floridada yaşayan azərbaycanlı göz həkimi (FOTOLAR)

Floridada yaşayan azərbaycanlı göz həkimi (FOTOLAR)

Altıncı sinfədək Bakıdakı incəsənət gimnaziyasında oxusa da tam orta təhsilni ABŞ-ın Florida ştatında başa vurub. 2006-2008-ci illərdə Brovard Kollecində təhsilini davam etdirərək biologiya üzrə kiçik elmi işçi ixtisasına yiyələnib. Eyni zamanda 2007-2008-ci illərdə göz xəstəlikləri mərkəzində həkim köməkçisi işləyib. 2008-ci ildə Bakıda qohumlarının toyunda iştirak edərkən halı pisləşib. Azərbaycanlı həkimlərin müayinəsindən sonra məlum olub ki, qanında "xərçəng" vardır. Təcili Amerikaya qayıdıblar. Kuba əsilli bir həkim müalicəni öz üzərinə götürüb və bir il onu təmənnasız müalicə edib. Əvvəlcə onun ömrünün sonuna iki həftə qaldığını söyləsə də, necə deyərlər, möcüzə nəticəsində müalicə müsbət nəticə verib…

…Atası Nazim Kərimov indiki Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Bakıda yaşayarkən ticarət sahəsində çalışıb. Hazırda Floridada tikinti-təmir şirkətinə rəhbərlik edir. Anası Diana xanım atası Nazim bəylə eyni ali təhsil ocağını bitirsə də bu gün Floridada mühasib işləyir…

Tam sağaldığına əmin olandan sonra o, Florida Beynəlxalq Universitetinə müraciət edir və qəbul olunur. 2009-2014-cü illərdə həmin universitetdə təhsil alaraq bioloq ixtisasına yiyələnir. Arada ailə qurduğuna görə iki il analıq məzuniyyətində olur. Eyni zamanda 2008-2011-ci illərdə başqa bir göz xəstəlikləri mərkəzində yenidən həkim köməkçisi kimi çalışır. 2014-cü ildə Nova Cənub-Şərq Universitetinin tibb fakultəsinə daxil olur. Və oranı 2018-ci ildə göz həkimi kimi başa vurur. Bir il internatura keçərək optometrist-həkim ixtisasına yiyələnir. Hazırda dəvət olunduğu göz poliklinikasında öz ixtisası üzrə işə başlamağa hazırlaşır…

...Ömür-gün yoldaşı Rayen Vinsent amerikalıdır. Daşınmaz əmlakın satışı ilə məşğuldur. İki qızı vardır. Böyük qızı Vera 7, ikinci qızı Erin isə 5 yaşındadırlar. Yeri gəlmişkən, toyu Floridada Azərbaycan adət-ənənəsinə uyğun keçirilib. Necə deyərlər, "vağzalı"yla gəlin köçüb...

İspan, rus, ingilis dillərini mükəmməl bilir. Arzuları böyükdür. Nə vaxtsa özünün göz xəstəlikləri klinikasını yaratmaq istəyir. Qızlarını gələcəkdə bir azərbaycanlı xanım kimi görməyə tələsir. Hətta onları Esmira xanım Bayramovanın rəhbərlik etdiyi "Florida Azərbaycanlıları Cəmiyyəti"nin təşkil etdiyi azərbaycan dili kurslarına da aparır. İdmanın üzgüçülük növü ilə məşğul olmağı xoşlayır. Sakit okeanda üzməkdən zövq alır. Göz xəstəlikləri ilə bağlı və eləcə də dedektiv kitabları oxumaqdan yorulmur…

Deyir ki,- "Həyat yoldaşım amerikalı olsa da Azərbaycan mətbəxinin təamlarını çox bəyənir. Toyuq cığırtması, dolma, plov, şəkərbura onun sevimli yeməklərindəndir. Qızlarım isə paxlavanı daha çox sevirlər"…

Bəli, yer üzündə milyardlarla insan yaşayır. Hər birinin öz həyat kredosu vardır. Kimisi varlanmaq, kimisi şöhrət sahibinə çevrilmək, kimisi ailəsini dolandırmaq üçün iş tapmaq, kimisi azad olmaq, kimisi …., kimisi …, kimisi… Milyardlarla insanın yaşam məqsədini yazıb ifadə etmək çox çətindir. Amma sizinlə haqqında danışdığım ölümün pəncəsindən qurtulan göz həkimi Zenfira Kərimova- Vinsetin həyatda nail ölmaq istədiyi məqsədi yaxşı bilirəm. Özü də etiraf etdi: "Hər gün bir nəfərə sevinc bəxş etmək"…

Elman Eldaroğlu,
ABŞ, Miçiqan



OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR