
Ukraynanın müttəfiqləri Kiyevin 2027-ci il üçün əlavə 70 milyard avro ayrılması ilə bağlı müraciətini təhlil edəcəklər.
Qaynarinfo xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “France 24” telekanalına açıqlamasında bildirib.
“G7 ölkələri, tərəfdaşlarımız və əlbəttə ki, avropalılar tərəfindən ayrılacaq maliyyələşdirmə məsələsini mütləq nəzərdən keçirəcəyik”, deyə Makron bildirib.
Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta isə Aİ liderlərinin Avropa Komissiyasına müraciət edərək Ukraynanın 2027-ci il üçün əlavə maliyyə ehtiyaclarının qarşılanmasına dair təklif hazırlamağı xahiş etdiklərini söyləyib.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen də Ukraynanın büdcəsindəki 70 milyard avroluq kəsirin “aradan qaldırılmasının zəruri olduğunu” vurğulayıb.
“Artıq aydındır ki, aradan qaldırılmalı olan 70 milyard avroluq kəsirimiz var”, deyə o qeyd edib.
Oktyabrın 16-da Ukrayna prezidenti Volodimir Zelenski Brüsseldə keçirilən sammitdə Avropa liderlərindən maliyyə yardımı istəyib. O, 2027-ci ildə Rusiya ilə münaqişəni davam etdirmək üçün Avropa İttifaqından ən azı 70 milyard avro tələb edib.
Həmin gün “Financial Times” qəzeti Avropa Komissiyasının məlumatlarına istinadən Ukraynanın 2027-ci ildə əlavə olaraq 70 milyard avroya ehtiyac duyacağını yazıb.
Bununla yanaşı, Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, onun ölkəsi və Macarıstan Ukraynaya ayrılması nəzərdə tutulan 70 milyard avroluq yeni Avropa kreditinin verilməsində iştirak etməyəcək.
Aydın