Video 20:25 03.08.2019

Fransa Super Kubokunun qalibi müəyyənləşdi (VİDEO)

Fransa Super Kuboku uğrunda oyun keçirilib.

Qaynarinfo xəbər verir ki, Liqa 1-in qalibi PSJ və Fransa Kubokuna sahib çıxmış "Renn" arasında oyun Çinin Şençjen şəhərində baş tutub.

"Lungan - Universiad Sports Center" stadionunda təşkil olunmuş qarşılaşma Paris təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 13-cü dəqiqədə "Renn"in yarımmüdafiəçisi Adrien Enu açıb. 57-ci dəqiqədə Kilian Mbappe bərabərlik qolunu vurub. Oyunda son nöqtəni isə 73-cü dəqiqədə Angel Di Mariya qoyub.

Beləliklə, PSJ 9-cu dəfə Fransa Super Kubokunu qazanıb. "Renn" isə yalnız bir dəfə - 1971-ci ildə bu titula sahib çıxıb.

Qeyd edək ki, Fransa Kubokunun finalında da PSJ və "Renn" qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb, penalti seriyasında isə "Renn" qələbəni bayram edib.