Dünya 18:31 30.03.2020

Fransadan koronavirus etirafı: “Epidemiya bu kilsədən yayılıb...”

Fransanın Səhiyyə naziri Olivyer Veran koronavirusun yeni növünün (Kovid-19) ötən ay Mulhous şəhərindəki Yevangelist Kilsəsində keçirilən mərasimlərdən yayıldığını etiraf edib.

Qaynarinfo xəbər verir ki, Veran bu haqda "Le Journal du Dimanche” qəzetinə ölkəyə təsir edən Covid-19 yoluxmasından danışarkən deyib.

"Yayılma nöqtəsi Mulhousdakı Yevangelist Kilsəsində keçirilən mərasim olub. Epidemiya həqiqətən də bütün ölkəyə buradan yayılıb", - Veran bildirib və fransızların hökumətin epidemiyanın səbəb olduğu böhranın idarə edilməsi ilə bağlı narahatlığını başa düşdüyünü deyib.

Veran ölkəsinin Kovid-19-a qarşı tədbirlərdə gecikmədiyini iddia edib.

Bu arada "Le Monde” qəzeti virusun Avstriyaya da Mulhous Yevangelist kilsəsindən getdiyini bildirib.

Məqalədə Avstriyanın paytaxtı Vyanada yaşayan bir ailənin 17-21 fevral tarixlərində Mulhousdakı kilsədə təşkil edilən mərasimlərə qatıldığı, fevralın 27-də Belçika yolu ilə Vyanaya qayıtdığı və virus testlərinin müsbət olduğu bildirilib.

Xəbərlərdə bu ayinlərin virusun Afrika ölkəsi Burkina Fasoda da yayılmasına görünməsinə səbəb olduğu qeyd edilib.

Vagaduguda yaşayan Mamadou Filipp Karambirinin bu mərasimlərdə iştirak etdiyi və ölkəsinə qayıdarkən onda virusun üzə çıxdığı təsbit edilib.
İctimai yayımçı Fransa İnfo 17-21 fevral tarixlərində Mulhousdakı Yevangelist Kilsəsində təşkil edilən mərasimlərdə iştirak edən ən azı min adamın yoluxduğunu bildirib.

Bir çox şəhərdən iştirakçının qatıldığı bu ayinlərin ölkədə epidemiyanın yayılmasına səbəb olduğu qeyd edilib.

"Mərasimlərdə iştirak edənlərin əksəriyyəti virus daşıyıcısıymış, çünki sonradan əksəriyyətində virus testləri müsbət çıxdı", - kilsənin keşişi və doktor Conatan Peterşmidt deyib.

Səhiyyə Agentliyi Mulhous da daxil olmaqla Grand-Est bölgəsinin baş direktoru Kristof Lannelongu yoluxmaların Mulhousdakı ayinlərdən əvvəl də müşahidə edildiyini, ancaq epidemiyanın başlamasına kilsədəki mərasimin səbəb olduğunu etiraf edib.

Alpər