Siyasət 20:34 19.01.2022

Fransalı deputat: "Pekres yaxşı bilirdi ki, Qarabağa gizli səfər diplomatik böhrana səbəb olacaq"

"Qarabağa səfər Azərbaycan hakimiyyətinin razılığı olmadan həyata keçirilə bilməz. Namizəd Pekres yaxşı bilirdi ki, bu gizli səfər diplomatik böhrana səbəb olacaq”.

"Report”un Fransa bürosu xəbər verir ki, bu barədə Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) bu gün yaydığı bəyanatda deyilir.

ADA prezidenti, deputat Jerom Lamber prezident seçkilərinə namizəd Valeri Pekresin Azərbaycan Prezidentinin guya səsləndirdiyi "ölüm təhdidləri” ilə bağlı son bəyanatlarını pisləyib.

Bəyanatda Jerom Lamber bildirir ki, Azərbaycan Prezidenti suveren ölkənin beynəlxalq səviyyədə tanınmış milli sərhədlərinin pozulmasından söhbət gedəndə hüququn prinsiplərini və beynəlxalq hüququn normalarını xatırladıb.

Bildirilir ki, Azərbaycan Respublikasına həyata keçirilən bu qanunsuz səfər bir qrup seçicinin səsini toplamaq məqsədi daşıyır, dünyəvi Respublika və Qafqazda əsas iqtisadi tərəfdaş olan Azərbaycanda Fransanın imicinə və nüfuzuna bir daha xələl gətirir. Bu məsuliyyətsiz davranış Fransanın Avropa və ikitərəfli beynəlxalq öhdəliklərinə də xələl gətirir.

Bəyanatda Fransa prezidentliyinə namizəd Pekres beynəlxalq hüquqa hörmətlə yanaşmağa çağırılır.