Siyasət 14:01 20.10.2020

Fransanın Azərbaycana münasibəti necə dəyişdi? - İlkin Həsənlinin şərhi

"Fransa səfirinin açıqlaması da göstərir ki, Parislə hansısa formada müəyyən razılıq əldə edilib”.


Bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun "Gərginlik dövrü bitdi, o səhifə bağlandı” fikirlərini şərh edərkən deyib. O bildirib ki, Qarabağda əks-hücum əməliyyatları başladıqdan sonra Azərbaycanla Fransa arasında vəziyyət gərginləşmişdi:

"Bu gərginliyə əsas səbəb Fransa liderinin və fransız siyasətçilərin Qarabağla bağlı bəyanatları olub. Əslində bu bəyanatların bir qismi bəzi siyasətçilərin erməni lobbisinə bağlılığı, bir qismi isə bəzi siyasətçilərin erməni diasporundan öz məqsədləri üçün istifadə etmək niyyətləriylə bağlı idi. Görünən odur ki, artıq Makron məsələnin ciddiliyinin hansı tərzdə olduğunu anlayır. Məhz buna görədir ki, Fransa Xarici İşlər naziri parlamentdə çıxışı zamanı Qarabağın tanınması tələbini israrla rədd edirdi. Fransa səfirinin açıqlaması da göstərir ki, Parislə hansısa formada müəyyən razılıq əldə edilib. Ona görə də əvvəllər israrla Qarabağ bəyanatları verən Fransanın rəhbər şəxsləri indi sadəcə bir-iki quru bəyanat səsləndirməklə kifayətlənirlər. Lakin bilinən odur ki, AB Cənubi Qafqazda Azərbaycana tam zidd addım atmaq fikrində deyil. Bunu Türkiyə ilə bağlı AB-dəki son səsvermə də göstərir. Belə ki, Yunanıstanın Türkiyəyə sanksiya tətbiq edilməsi təklifi yalnız Fransa, Sloveniya və Yunanıstan tərəfindən dəstəklənib ki, Fransa da burada məcburiyyətdən belə səs verməli olub. Bir sözlə, Fransa AB-nin əsas aparıcı dövlətidir və buna görə də Parisin bölgə ilə bağlı siyasətinin ondan kənar olacağı inandırıcı deyil”.

 

Analitik bildirib ki, Fransanın artıq rəsmi şəkildə Ermənistanın yanında olmadığını sübuta yetirən başqa məqam da erməni rəsmilərin açıqlamasıdır.:

 

"AB-dəki son səsvermədən sonra məhz hökumətə yaxın kanallar Avropanın yenə İrəvanı satdığına dair iddialar səsləndirdilər. Üstəlik, Paşinyanın özünün İsveçrə televiziyasına verdiyi müsahibəyə baxın. Son 5 gün ərzində Paşinyan israrla Qərbdən tələb edir ki, Qarabağla bağlı Rusiyanın mövqeyini müdafiə edin. Azərbaycan savaş meydanında qalib gəldikcə onu yanına keçənlərin sayı da artmış olur. Heç kim məğlubla birgə uduzmaq istəmir. Aydın görünən odur ki, indi Ermənistan artıq təklənməyə doğru gedir. Onun arxasında hələlik qalan yeganə dövlət məhz Rusiyadır”.

 

Rusiyanın da mövqeyinin tam dəyişəcəyini isə İlkin Həsənli inandırıcı hesab etmir:

 

"Bu, inandırıcı deyil. Çünki Moskvanın mövqeyini dəyişməsi, Rusiyanın bölgəni tam itirməsi deməkdir. Ona görə də indiki halda Moskva maksimum şəkildə gücünü yalnız müharibəni dayandırmağa sərf edəcək”.

 

Qeyd edək ki, Fransanın Azərbaycandakı səfiri Zakari Qross Tvitter hesabında Prezident Emmanuel Makron və Prezident İlham Əliyev arasında son həftələr sıx təmas olduğunu yazıb. Səfir "doğrudur, son zamanlar bəzi gərginliklər oldu, amma iki liderin bir-birinə qarşı hər zaman yüksək hörməti olub. Prezident İlham Əliyev son zamanlar yaşanan gərginlik dövrünün bitdiyini söylədi: O səhifə bağlandı. Əslində, mən də bunun üçün çox minnətdaram”, - deyə bildirib.


Bahar Rüstəmli