Fuad Muradov: “Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalıdır”

Fuad Muradov: “Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalıdır”

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kiyevə səfəri çərçivəsində Ukrayna Regionlararası İşçiləri İdarəetmə Akademiyasında Kiyev Azərbaycanlıları Konqresinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili məktəbində olub.

Qaynarinfo xəbər verir ki, Dövlət Komitəsinin nümayəndə heyəti diaspor təşkilatlarının rəhbərləri və fəalları ilə birgə Akademiyada ucaldılan Heydər Əliyevin heykəli önünə tər çiçəklər düzüblər.

Sonra DİDK sədri Azərbaycan bazar günü məktəbində yaradılan şəraitlə tanış olub, dərs prosesini izləyib. Dövlət Komitəsinin sədrinə bildirilib ki, Ukraynada yaşayan soydaşlarımızın doğma dilimizdə biliklərini artırmaq üçün şagirdlərə Ana dili, tariximiz öyrədilir.

Heydər Əliyevin Azərbaycana miras qoyduğu təhsil strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən Dövlət Komitəsinin sədri bildirib ki, Ukraynada Azərbaycan dili məktəblərinin sayı artırılmalı, soydaşlarımızın Azərbaycan dili məktəblərinə cəlb edilməsinin kütləviliyi təmin olunmalıdır. "Azərbaycan dili məktəblərində hansı dərsliklər çatmırsa, siyahı tutulsun, Komitə tərəfindən yardım ediləcək”, deyə o, əlavə edib.

Uşaqlarla səmimi söhbət edən Dövlət Komitəsinin sədri şagirdlərə dərslərində uğurlar arzulayıb, bildirib ki, gələcəkdə Azərbaycan-Ukrayna münasibətlərinin möhkəmlənməsinə və diasporumuzun inkişafına öz töhfələrini verəcəklər. 

Sonda Dövlət Komitəsi tərəfindən məktəbə gətirilən dərs ləvazimatları, kompüter hədiyyə edilib.
XƏBƏRLƏR
BLOGLAR