Foto 10:39 02.01.2021

Fuad Poladov: "Məlik Dadaşov məni hədələdi" (Müsahibə)

Kulis.az kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladovla vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəsini təqdim edir.

əvvəli burada

 

Altıncı cəhd


Bu dəfə Fuad müəllimə görüş üçün zəng eləyəndə "indi rayona gedirəm, qalsın gələn həftəyə” dedi. Həftəni "yəqin çəkilişi var. Yenə demədi. Mən nə yazacam bu adam haqqında, necə yazacam, axı?!” düşünə-düşünə birtəhər başa vurdum. Yenə ikinci gün oldu və yenə də Rus Dramatik teatrında tanış qrim otağının qapısını döydüm. Salamlaşıb diktofonu açan kimi Fuad müəllimdən, az qala, cinayət başında yaxalamaq iddiası ilə səfərinin səbəbini soruşdum. İndi deyəcək ki, çəkilişim vardı. Mən də deyəcəm ki, eee, bu nə oldu daha? Könlünüz yoxdusa, bu söhbətlərə niyə vaxt ayırırsız və s və i. Giley-güzar eləməkdə tayım-bərabərim yoxdu.

 

– Payızı görməyə getmişdim.

 

– Payızı?

 

– Hə. Mən hərdən belə qaçıram. Hər şeydən yorulanda. İndi də iki günlük fasilə yaranmışdı. Qaçdım. Elə yaxşı dincəldim! Necə zövq aldım, Allah?! İsmayıllıda Buynuz kəndi var. Musa Yaqubun kəndi. Oranın girişinə tağlar qoyublar. Tağların altından keçib cığıra ayaq basan kimi meşəyə düşürsən. Hər tərəf rəngbərəngdi. Özüm ölüm, sevincimdən qışqırdım eee!

 

– Payız mənim üçün həmişə aralıq fəsil olub. Qış soyuqdu, qardı- aydındı. Yay, yaz aydındı. Payız isə gah belə olur, gah elə.

 

– Amma mən payızı çox sevirəm. Xüsusilə çiskinli günlərini, hərdən bozaran rəngini… Əvvəllər tez-tez bulvara gedirdim. Bəzən göyün üzü ilə dənizin rəngi eyniləşib boz olurdu. Qəribə bir rəng alınırdı.

 

– Ürəyiniz sıxılmır o bozluqdan?

 

– Yox. əksinə.

 

– Deyəsən, sizin bulvarda öz yeriniz olub. Ağacın altında. Məşq edirmişsiz orda.

 

– Hə, hə. Əslində özəl yerim deyildi. Mən gəzə-gəzə -"Sadko” kafesi vardı əvvəllər estakadanın sonunda- onun yanına qədər gedirdim. Orda adam az olurdu. "Sadko”ya gedən yerdə bir ağac vardı. Bir gün gəldim gördüm ki, ağacın bütün yarpaqları sapsarı saralıb. Gecə saat 12-ə işləyirdi. O vaxt indiki qədər işıqlı deyildi bulvar. Ağac o qaranlıqda sarı yarpaqları ilə böyük bir fənər kimi dayanmışdı. Sapsarı. Elə bil işıq saçırdı.


 

 

 

– Orda məşq edirdiz?

 

– Hə, estakadanın lap axırına gedirdim. Hətta bir dəfə, az qala, dənizə düşəcəkdim. Dayanıb monoloq deyirdim. İndiyə kimi yadımdadı – "Məkr və məhəbbət” tamaşasından. Ətrafda da heç kim yoxdu. Onda gördüm, bir it ayağıma toxunub keçdi. Bərk diksindim. Bax belə. Ağacdan danışırdım. Ertəsi gün yenə gəldim ora. Külək ağacın üstündə bir dənə də yarpaq qoymamışdı, yolmuşdu hamısını. Yerdən də süpürmüşdülər. Elə bil o mənzərə heç olmamışdı. Mən soyuğu o qədər də sevmirəm. Payızın da, məhz, orta, "qızıl payız” deyilən dövrünü… Rayona da onu tutmaq üçün getdim. Yoxsa bir müddətdən sonra olmayacaq. Hələ ki yarpaqlar ağacların üstündədi. Baxırsan… İlahi, necə rənglər var?! Ağacların yarpaqları, yerdəki xəzəllər…Dəhşət zövq alıram bu mənzərədən. Hələ orda bir kötüyün üstündə oturub əlli qram da süzürsən, baxırsan təbiətə (dərin həzlə və nostalgiya ilə içini çəkir). Başlayırsan özünlə, yol yoldaşınla söhbətə.

 

– Əlli qramla?

 

– Hə, onun öz yeri var. Mənzərəni tamamlayır.

 

– Şeir də deyirsiz içəndə?

 

– Tək olanda hə. Yanımda adam olanda yox.

 

– Tək olanda şeir deyirsiz?

 

– Hə, tək olanda. İçimdə.

 

– Hansı şeirləri?

 

– Deyirəm də. Vaqif Səmədoğludan… Sevdiyim başqa şairlərdən… Əliağa Kürçaylının sarı yarpaqlar haqqında gözəl bir şeiri var:

 

Mən baxıram bayaqdan saralan yarpaqlara

Xəzan olub tökülür, qarışır torpaqlara

Dili ola yarpağın, sən də qulaq verəsən

Budaqdan ayrılanda o, nə deyir görəsən?



 

– Bəs Vaqif Səmədoğlu nə deyir?

 

– Vaqif Səmədoğlu deyir ki, mənə payız dənizinin boz ənginliyini verin, mənə bəmdən görünməlidir göy üzü… Ardı yadımdan çıxdı.

 

– O rəngləri sizə şeirlər sevdirib, ya əksinə olub?

 

– Yox, rəngləri sevirdim, sonra poeziyada rastlaşanda doğma gəlib mənə. Elə bilmişəm ki, bunları özüm yazmışam, nə vaxtsa bu hissləri mən də yaşamışam. Ona görə Vaqifin yazdıqları mənə çox doğmadı. "Mən burdayam, İlahi” kitabındakılar…

 

– Mənim üçün Vaqif Səmədoğlu əhval-ruhiyyə şairidi. Hərdən onun şeirlərini oxuyanda mənasız söz yığını kimi gəlir. Amma hərdən də adamın ürəyindən vurur.

 

– Mən onun əhvalını öz əhvalım kimi duyuram. Bəzən mənə elə gəlir ki, mən demişəm, o yazıb.

 

– Deyirlər, o vaxt xaricə gedən mədəniyyət, incəsənət adamlarını, idmançıları DTK-da təlimatlandırırlarmış. İlk xarici səfərinizdə sizinlə də "söhbət eləmişdilər”?

 

– Mən şahidi olmamışam. Teatrda mənim qədər açıq danışan adam yox idi, hələ cavan aktyor kimi başımı piyləyib partiyaya da yazmışdılar. Dəfələrlə partiya iclaslarında kəskin çıxışlar eləmişəm, nə tutublar, nə də qorxudublar. Onlar yaxşı bilirlər, kimə nə təklif eləmək, kimdən nə soruşmaq olar. Bir rus aktyoru vardı- Zolotuxin. Bu yaxınlarda rəhmətə gedib. Vısotski ilə birlikdə işləyib, dost olublar. Zolotuxin danışırdı ki, Vısotskinin Hamleti oynadığı vaxtlar imiş, Marina Vladi ilə də sevgisi qızışıbmış, aylarla Fransada qalırmış. Onun ucbatından tamaşalar təxirə salınırmış. Vısotski növbəti dəfə tamaşaya gəlməyəndə Taqankanın baş rejissoru Yuri Lyubimov Zolotuxini çağırıb deyib ki, Volodya başımıza oyun açır, bəlkə Hamleti sən götürüb hazırlayasan? Bu da razılaşıb. Deyir, Volodya Parisdən qayıdıb gəldi teatra, elanlar lövhəsinə baxanda gördü ki, Hamlet roluna mənim adım yazılıb. Arxadan ona yaxınlaşıb izah eləməyə çalışdım. Vısotski heç bir söz demədən əli ilə "çıx bayıra” işarəsi verdi. Çıxdım, getdik, oturduq maşında. Bir kəlmə də danışmırıq. Volodya hərəkətə əks istiqamətdə sürətlə sürürdü. Birdən qəfil saxladı. Zolotuxin deyir: "Özümü itirmişdim, Volodya da çox əsəbi idi. Ona başa salmağa çalışdım ki, məni rejissor çağırdı, tamaşa qalmışdı və s… Volodya üzümə baxdı, baxdı. Qayıdıb dedi ki, mənə belə şey təklif eləməyə cəsarətləri çatmazdı”. Bunu Zolotuxin özü danışıb. Yəni dediyim odu ki, onlar kimə nə təklif etmək lazım gəldiyini bilirlər. Təbii, əgər siz deyənlər olubsa.

 

– Sizə psixoloji təsir eləmiş, oynayandan sonra da uzun müddət təsirindən çıxa bilmədiyiniz rollarınız olubmu?

 

– Bayaq "Məkr və məhəbbət”in adını çəkdim. Ondan sonra "Təhminə və Zaur” tamaşasındakı Zaur oynamaq istədiyim rollardan biri idi. "Hamlet”, "Timon”, "Napoleon”, "Qacar”… O qədər olub ki… yadıma düşsə…

 

– Ancaq kinoda əsasən epizodik rollara çəkilirdiz.

 

– Mən filmlərə getmirdim. Mənim üçün teatr daha vacib idi: bir aktyor kimi ayaq üstə dura bilmək, professionallaşmaq üçün. Həm də teatrda həddindən artıq məşğul idim. Buna görə də film təkliflərini qəbul eləmirdim. Doğrusu, kino məni o qədər də cəlb eləmirdi. Heç indi də eləmir. Əgər eyni zamanda mənə həm teatrda, həm kinoda yaxşı rol təklif eləsələr və "ya kino, ya da teatr” deyib seçim qarşısında qoysalar, teatrı seçərəm.

 

– Amma bəzi filmlərə çəkilmisiz. Məsələn, "Qaynana”ya.

 

– Onlar xırda, ötəri rollar idi. Mən "Qaynana” filmini ciddi iş hesab eləmirəm. Elə rəhmətlik Seyidzadə də o film haqqında belə fikirləşirdi, çəkilməyimi də özü xahiş eləmişdi. Biz, ondan əvvəl birlikdə "Qatır Məmməd” filmində işləmişdik – birinci variantında. Mən Əziz rolunu oynayırdım. Sonra filmi Rasim Ocaqova verdilər, amma Hüseyn Seyidzadə ilə münasibətimiz davam elədi. O, Natəvan haqqında film çəkmək istəyirdi. Ordakı əsas kişi rolunu mənim üçün yazırdı. "Qaynana” filminə çağıranda dedi ki, Fuad, bu filmi mənə guya özümü reabilitasiya eləməyim üçün veriblər, istəmirəm, ancaq "Natəvan”a başlaya bilməkdən ötrü çəkməliyəm. Qısası, kino məni nə o vaxtlar cəlb eləyib, nə də bu gün. İndi də boş olanda çəkilirəm. Mən kinoda hələ ürəyim istəyən rolu oynamamışam. Amma istəyərdim ki, yaxşı bir rol olsun, mən də oynayım… eeee…

 

– İnşallah, qismət olar.

 

– Bundan sonra çətin. Bəlkə təzələrdən kimsə… Amma gedişata baxanda, çəkilən filmləri görəndə… ümidim yoxdu. Özün görürsən də nə çəkirlər, kimlər çəkir?! Hamısı quş qoymaq üçün çəkilən filmlərdi, "biz də kinostudiya var, kino çəkilir” demək üçün.

 

– Fuad müəllim, Seyidzadə necə adam idi? O bizim kinonun bəxtsiz rejissorlarındandı. Demək olar ki, bütün filmlərində ona mane olublar. Çəkmək istədiklərinin heç birini reallaşdıra bilməyib, çox təzyiqlərlə üzləşib.

 

– Onun haqqında bir dənə epizod danışım, necə adam olduğunu biləcəksən. Seyidzadə "Qatır Məmməd” filmini öz senarisi əsasında çəkirdi. İlkin senarini Mixail Maklyarski və Kirill Rapoport adlı iki yəhudi yazmışdı. Seyidzadə işi götürəndə şərt qoymuşdu ki, filmi mənə verirsizsə, senariyə əlavələr eləməyə də icazə verin, Maklyarski, Rapopot nə qanır, Qatır Məmməd kimdi, onun haqqında nə yaza bilərlər, axı?! Beləcə, filmin 80%-i çəkilmişdi. Mingəçevirdə idik, son kadrlar çəkilirdi. Birdən pul kəsildi. Bir həftə pul gözlədik, gəlmədi. Əvəzində filmin direktorunu Bakıya çağırıb dedilər ki, şələ-külənizi yığın qayıdın. Seyidzadəyə də dedilər ki, bizə xəbər çatıb ki, sən senaridən kənara çıxırsan. O da bu barədə ilk gündən xəbərdarlıq elədiyini xatırlatdı. Təkid elədilər ki, qayıt, onların senarisini çək. Rejissor razılaşmadı, "mən necə başlamışamsa, elə də bitirəcəm, ya da çəkmirəm” dedi. Filmi aldılar əlindən. Hüseyn Seyidzadə belə möhkəm xarakterli insan idi. Hətta istəməyə-istəməyə çəkdiyi "Qaynana”da nəsə eləməyə çalışırdı. İmkan vermirdilər, hər tərəfdən sıxışdırırdılar onu. Çünki həddindən artıq ötkəm adam idi, dili də vardı, dilçəyi də. Yaxşıya yaxşı deyirdi, pisə pis. O insan üçün ortaq məxrəc yox idi, sözünü birbaş üzə deyirdi, nə kinostudiyanın direktorundan qorxurdu, nə başqalarından. İstedadlı olduğu üçün və istedadına güvəndiyi üçün belə xasiyyəti vardı. Bu da çoxlarının xoşuna gəlmirdi. Çünki özləri onun kimi cəsur ola bilmirdilər, olanlara da paxıllıq eləyirdilər, vurmağa, sındırmağa çalışırdılar. Seyidzadə isə sınan adam deyildi. Sınanda da birdəfəlik ürəyindən sındı və dünyadan getdi.

 

– O maneələr ki vardı… Onları özümüzünkülər qoyurdular, yoxsa Moskvadan tapşırıq gəlirdi? Yəqin ki, teatrda da belə hallar olub.

 

– Belə işlərə nəzarət eləyənlər, o vəzifələri elə adamlara tapşırırdılar ki, onlar yuxarıda nəyin xoşa gəlib, nəyin gəlməyəcəyini bilirdilər. Əvvəlcədən bilirdilər ki, filan şeyi göstərsələr, çanaq onların başında sınacaq, onlara deyəcəklər ki, bəs sən orda niyə oturmusan? Amma elə şeylər də olurdu ki, heç Moskvaya gedib çıxmırdı, elə burada özümüzünkülər qarşısını kəsirdilər. Bununla bağlı bir xatirəmi danışım. Azdramada işlədiyim vaxtlar idi – 80-ci illərin əvvəllərində. Gürcüstana qastrola getmişdik. Teatrın sərəncamçı direktoru Maqbet Bünyadova dedim ki, gəl, Sturuanın yanına gedək, Bakıda tamaşa qoymağı təklif eləyək. Nə isə… Girdik Sturuanın kabinetinə. Bizi çox yaxşı qarşıladı. Gəlişimizin səbəbini dedik. Sturua bizə iş qrafikini göstərdi. Az qala, 90-cı ilin axırlarına qədər dolu idi. O vaxt bir də Marcanaşvili teatrında Çxeidze vardı. O da böyük rejissor sayılırdı. Dedik, onda gedək Çxeidzenin yanına, bəlkə onun vaxtı olar. Sturua bizə dedi ki, əgər məndə on beş illik sifariş varsa, onda 25 illik olacaq. Yəni Çxeidzeni özündən də böyük gördü. İndi bundan nəticə çıxart. Bizdə isə daha çox yuxarıya yarınmağa çalışırdılar, istedadlı insanları əzirdilər. Həmin əzilən adamlardan biri də Seyidzadə olub. Ona film verməyə məcbur idilər, çünki istedadlı adam idi, qadağalara baxmayaraq ortalığa nəsə çıxarırdı – "Yenilməz batalyon”u, "Dəli Kür”ü, "Məşədi İbad”ı ilə.. O vaxt hətta kinoda baş rolları da mərkəzi komitədə təsdiq eləyirdilər. Rejissorun iradəsinin əksinə olaraq..

 

– Fuad müəllim, 80-ci illərə gəlib çıxmışkən bir az da ictimai mühitdən danışın. Hadisələr birdən birə qızışdı, yoxsa artıq nəsə olacağını hiss eləyirdiz?

 

– Yavaş-yavaş başladı hər şey. Hər təzə gündə nəyinsə dəyişdiyini hiss eləyirdin, düzəlməyə doğru yox, dağılmağa doğru gedir. Həm söz-söhbətlər gəzirdi, həm də adam özü baş verənləri analiz eləyəndə görürdü ki, vəziyyəti idarə eləyən adamlar var, heç nə elə-belə baş vermir. Elə bil gizli bir əl vardı. Vaxt gələcək, hər şey açılacaq. Vaxt lazımdı. Zaman hər şeyi yerinə qoyacaq. Bəxtiyar Vahabzadənin bir sözü var:

 

"dedilər, bağlanan bu kor düyünün hələlik zamana ehtiyacı var,

dedim, hər mərama yetişmək üçün zamanın imana ehtiyacı var”.

 

Vaxt gələcək hər şey məlum olacaq…

 

 

 

Hərçənd onda da hiss eləyirdin. Mən meydan hərəkatının ilk günlərindən orda olmuşam. Sonra yavaş-yavaş, yavaş- yavaş həmin o idarə eləyən əli, idarə olunduğumu hiss eləməyə başladım, ona görə soyudum. Meydan kortəbii olanda gözəl idi. Sonra liderlər yarandırlar, "o, belə olmalıdı, bu, elə olmalıdı, çadırlar belə qurulmalıdı” deyə əmrlər verməyə başladılar. Onda əhəmiyyətini itirdi. Artıq hiss eləyirdin ki, axın doğru istiqamətə yönləndirilmir. Təbii ki, istiqamətin hara olduğunu tapmaq mümkün deyildi, amma hiss eləyirdin ki, indi getdiyi tərəf də səhvdi, arxasında dayananlar var. Hətta meydan hadisələrində çıxış eləyənlərin nitqinə diqqətlə qulaq asanda görürdün ki, o çılğınlıq, ürək, o sevgi, o məhəbbət, o yanğı yavaş-yavaş başqa çalarlar alır. Yadıma gəlir ki, xilaskar kimi Vəzirovu hay-küylə meydana gətirdilər. Mən də iki-üç yoldaşımla ordaydım. Vəzirov başladı tarixdə olmuş Vəzirovları sadalamağa. Sonra da qayıtdı ki (səsi birdən zilə qalxır): "ancaq mən – Vəzirov sizə deyirəm ki, Mən Əbdurraxman Vəzirovam. Mən sizə deyirəm ki”. Yanımdakılara dedim: "mən getdim”. Adamın danışıq tərzindən artıq hər şey məlum idi. Heç vaxt "mən-mən” təkrarlayan adamın dediyini eləyəcəyinə inanma. "Mən” demək lazım deyil, eləmək lazımdı. Həmişə danışan yox, eləyib əməldə göstərən adamlara hörmət eləmişəm. Elə adamlarla, onlar üçün işləmək lazımdı. "Mən elədim, mən eləyəcəyəm” deyən adamlardan qorx! Adamı darda qoyanlar da onlar olur, satqınlıq eləyənlər də. "Mən-mən” deyənlər! Nə isə. Ondan sonra düşündüklərimin, proqnozlarımın yavaş-yavaş gerçəkləşdiyini gördüm. O dövr məhək daşı idi. Özünü ziyalı kimi qələmə verənlərin hamısının iç üzü açıldı. Partiya biletlərini atıb sonra da geri götürürdülər haa… Bundan böyük rüsvayçılıq olmazdı.

 

– Siz də atmışdız partbileti?

 

– Mən atmadım, teatra gətirdim. Onda burada – Rus Dram Teatrında işləyirdim. Özü də mənim vəziyyətim daha təhlükəli idi. Teatra təzə gəlmişdim. 90-cı ilin yanvar ayı idi. Biletimi gətirib partkoma təhvil verdim. Dedilər ki, ala, bura rus teatrıdı, neynirsən? Məlik Dadaşov dedi ki, burada elə şeylər eləmək "neumestno”du, bura Azdrama deyil. Cavab verdim ki, "lazım olsa, buradan da çıxaram”. Cırmaq nədi, atmaq nədi?! Mənim atam on il xəstə yatıb. Partbiletini başının altında saxlayırdı, pensiyasını alanda ilk sözü "apar, mənim üzvlük haqqımı ver” olurdu. Mən ondan partbiletə belə münasibət görmüşdüm, o bileti cırıb ata bilərdim? Partkoma təhvil verib üzvlükdən imtina etdiyimi dedim.

 

– Həmin dövr teatr insanlarının davranışında, repertuarda özünü necə büruzə verirdi?

 

– Hadisələr, demək olar ki, Azdramadan getməyimlə eyni ərəfəyə düşmüşdü. Hiss eləyirdim ki, bəzi adamlar yaranan boşluqdan, respublikadakı qarışıqlıqdan istifadə eləyib teatrda hakimiyyəti ələ almağa çalışırlar. Başa düşürdüm ki, hadisələr mütləq teatrda əks-səda verməlidi. Nəinki teatra, bütün sahələrə təsiri olacaq. Və olurdu da. Elə buna görə də düşündüm ki, getmək vaxtıdı.