İdman 21:23 29.04.2021

Futbol üzrə Azərbaycan Kubokunun ilk finalçısı bəlli oldu

Aprelin 29-da futbol üzrə Azərbaycan Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

Qaynarinfo xəbər verir ki, yarımfinalın cavab oyununda "Qarabağ"ı məğlub edən "Sumqayıt" həlledici qarşılaşmaya vəsiqə qazanıb. Matçın əsas və əlavə vaxtı ilk qarşılaşmadakı kimi qolsuz başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan (5:4) qonaq komanda tarixində 2-ci dəfə finala yüksəlib.

"Qarabağ"ın heyətində 11 metrlik cərimə zərbələrini Maksim Medvedev, Toral Bayramov, Qara Qarayev və Xayme Romero dəqiq yerinə yetiriblər. Patrik Andradenin zərbəsini qonaqların qapıçısı Aydın Bayramov geri qaytarıb. Kevin Medinanın vurduğu top isə qapı tirinə tuş gəlib.

"Sumqayıt"da isə Cəmaləddin Xocaniyazov, Vurğun Hüseynov, Xəyal Nəcəfov, Höccət Haqverdi və Vüqar Mustafayev penaltini qola çevirib. Elvin Məmmədovun zərbəsi isə qapı tirindən qayıdıb.

Qeyd edək ki, yarımfinalın digər matçında "Zirə" səfərdə 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni qəbul edəcək.