İdman 13:56 18.01.2019

Futboldakı qanunsuzluqları ifşa edən jurnalist öldürüldü

Qanada futboldakı qanunsuzluqları araşdıran jurnalist Əhməd Hüseyin-Suale qətlə yetirilib.

Qaynarinfo xəbər verir ki, jurnalistə işdən çıxıb evə gedərkən sui-qəsd edilib. Motosikiletlə Əhməd Hüseyin-Sualeyə yaxınlaşan qatillər ona 3 dəfə atəş edib. Jurnalist hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Əhməd Hüseyin-Suale ötən il futboldakı qanunsuzluqları ortaya çıxaran sənədli filmin çəkilməsində iştirak edib. Sənədli filmdə 77 hakim və daha sonra Qana Futbol Federasiyasının prezidenti olan Kvesi Nyantakyini rüşvət almaqda günahlandırılırdı.

Sənədli filmdən sonra Qana Futbol Federasiyası ləğv olunmuş, üzr istəyərək olayı "düşüncəsizlik" adlandıran Nyantakyi FIFA tərəfindən futboldan kənarlaşdırılmışdı.

Olay ölkədə şok effekti yaratmış, Qana prezidenti Nana Afuko-Addo açıqlama verərək "Polisin bu iyrənc cinayətin günahkarlarını ən qısa zamanda cəzalandırmasını gözləyirəm" demişdi.

Jurnalistin qətli sənədli filmi hazırlayan qrupa qarşı kampaniyanın aparıldığı günlərdə baş verib. Belə ki, iqtidar partiyasının millət vəkillərindən Kennedi Aqyaponq Əhməd Hüseyin-Sualeni "təhlükəli" adlandırmış, fotolarını yayaraq onu döyənə pul verəcəyini bildirmişdi.

Əhməd Hüseyin-Sualenin çalışdığı qrupun başçısı olan tanınmış jurnalist Anas Aremeyav "Üzücü xəbərdir, amma susdurulmayacağıq. Rahat uyu, Əhməd" deyib.