Siyasət 17:43 29.11.2021

Gələcəyin astanasında: “Zəngəzur dəhlizi” artıq beynəlxalq sənədlərdə... (RƏYLƏR)

"Bu bizim diplomatik qələbəmizdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində qəbul edilmiş hesabatlarda "Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə "Zəngəzur dəhlizi” ifadəsini yer almasını şərh edərkən deyib. Deputatın sözlərinə görə, İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində ölkələr arasında keçirilən görüşlər göstərib ki, bütövlükdə təşkilatın inkişafı üçün iqtisdadi əlaqələr və kommunikasiyalarla bağlı qarşıda xeyli işlərin görülməsi planlaşdırılır:
 
 

"Təsadüfi deyil ki, İqtisadi Əməkdaşlıq Təşkilatının daxilində nəqliyyat əlaqələrinin inkişafı üçün Azərbaycandan keçən nəqliyyat xətlərinin çox önəmli rolu var. Bu Şimal, Cənub, eyni zamanda Şərq, Qərb nəqliyyat əlaqələridir. Düşünürəm ki, Zəngəzur dəhlizi və onun iqtisadi əhəmiyyətini bu sammitdə hər kəs daha geniş bir formada qavramağa başladı. Təsaqüfi deyil ki, bunun sammitin yekun sənədində öz əksini tapmağı onu deməyə əsas verir ki, bütövlükdə Zəngəzur dəhlizinin açılması yalnız Azərbaycanın marağında deyil, eyni zamanda bütövlükdə İqtisadi Əməkdaşlıq Təşkilatının marağında olan bir məsələyə çerilməkdədir. Mən hesab edirəm ki, Azərbaycanın getdikcə bu ifadəni daha çox beynəlxalq təşkilatların sənədlərində əks etdirməsi gələcəkdə dəhlizin daha tez və daha geniş formada açılmasına imkan yaradacaq”.
 
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, həm İqtisadi Əməkdaşlıq Təşkilatı, həm də digər beynəlxalq qurumlar yeni koridorların, yeni logistik istiqamətlərin açılmasında çox maraqlıdırlar:
 


"Çünki indiki dünyamızda logistik xətlərin bəzi hallarda böhran yaşaması, bəzi hallarda nəqliyyatla, infrastrukturla bağlı çatışmazlığın olması son iki ildə özünü göstərdi. Və bu çatışmazlıq nəticəsində dünyada qiymətlərin də yüksəlməsinin şahidi olduq. İndi yeni logistik xətlərin, dəhlizlərin və zonaların açılması, o cümlədən Zəngəzur dəhlizinin artıq beynəlxalq sənədlərdə, münasibətlərdə əhəmiyyətinin qeyd olunması ciddi məsələdir. Gələcəkdə həmin dəhlizə və koridorlara daha çox ölkələrin qoşulması prespektivlərini də özündə ehtiva edir”.

Bahar Rüstəmli