İş yerini itirmək təhlükəsi, işdən çıxarılmaq problemi - bu bir fobiyadır. Əslində, işdən kənarlarşdırılma, azad edilmə ehtimalı heç kəsdə qorxu, təşviş, səksəkə doğurmamalıdır. Çünki bu hər birimiz üçün daha yaxşı məşğulluq, yeni iş tapmaq naminə bir trampilin rolu oynaya bilər. İnsanlar rahat olmalıdırlar. Normal həyatda, normal cəmiyyətdə bu maneələr psixoloji gərginlik yaratmamalıdır. Heç bir vətəndaş alternativ iş məkanı tapmaqda çətinlik çəkməməlidir.

Fəqət, bizdə necədir?

İşdən azad olunma dünyanın sonu anlamına gəlir. İş yerini itirmək əsl faciə kimi qarşılanır. İnsan çıxış yolunu intiharda, özünəqəsddə tapır.

Qızların ailə qura bilməmək həyəcanı, gənc qadınların ərə getməmək, evdə qarıyıb qalma fobiyası... Təşviş, həyəcan birbaşa ürəyə, beyinə, damarlara nüfuz edir. Qorxu hissi birbaşa cəmiyyətdən, ailədən, qonum-qonşudan, qohum-ərəbadan, tənədən, rişxənddən, istehzalı təbəssümdən yaranır.

20 yaşdan sonra qızın subay qalması bir çox ailələr üçün, ən əsası da həmin qızın özü üçün dünyanın sonudur. 

"Vaxtında ərə getməmək” qorxusu gənc qadın üçün sanki ölüm-dirim, olum-qalım məsələsinə çevirilir. Qadın çıxış yolunu intiharda, özünəqəsddə tapır.

Övladlar bəlli bir yaşa çatırlar, yeni bir həyat mərhələsinə qədəm qoymağa hazırlaşırlar. Onların bərkə-boşa düşməyən həssas psixologiyaları, "İti görüm, qurdu görüm diplomsuz övlad görməyim”, "Kəsilsən küçəyə necə çıxacaqsan?!” ,"Əsgər gedərsən ağlın başına gələr” və sair təzyiqlərlə, aqressiv sözlərlə, qürura, mənliyə toxunan kəskin ifadələrlə üz-üzədir. 

Ali məktəbə qəbul ola bilməyən gənc üçün bu ölüm-dirim mərhələsinə, faciəyə çevrilir. Sanki dünyanın sonudur, qiyamət günüdür. Sanki hər şey bitir və bundan o tərəfi isə yoxdur. Yenə də nəticə acı sonluğa aparır - intihar, özünəqəsd.

Skandinaviya şəhərlərinin birində adi, boz rəngli körpü intiharların baş vermə məkanı kimi bədnam ad çıxarır. Problemlərlə, əzablarla, itkilərlə yüklənmiş insanlar, materiyanın "həyat” adlı mövcudolma formasından bezənlər oraya çıxıb özlərini dibsiz girdaba buraxırlar. Ölənlərin sayı günü-gündən artır. İctimai mühitdə həyəcan təbili çalınır.

Şəhər meriyası müxtəlif ekspertləri, psixoloq və sosioloqları yığıb iclas keçirir və problemin aradan qaldırılması üçün onlardan kömək istəyir. Bu zaman, bir arxitektor qeyri-adi təklif irəli sürür: "Gəlin körpünü al-əlvan rənglərlə boyayaq”.

Belə də edirlər və nəticə heyrət doğurur. Ölüm, intihar hadisələri kəskin şəkildə azalır.  

Bəlkə biz də bu psixoloji üsuldan istifadə edək, binaları, küçələri, yolları, prospektləri, ən əsası da daxilimizi, fikirlərimizi rəngarəng çalarlara bürüyək!? Onsuz da, geyim və libaslarımızdan tutmüş, gündəlik əhval-ruhiyyəmizə qədər hər şey ala-bula, boz-qara rəngdədir.

Amma, hər şeydən də əvvəl, hadisələrin kökündə dayanan problemləri yox etmək lazımdır.

Vüsal Bağırlı