Video 19:00 29.04.2019

Gəncədə məmur əməkdaşları söydü, araşdırma başladı (VİDEO)

Gəncədə Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etməsi barədə daxil olan şikayət əsasında araşdırma başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Gəncə İcra Hakimiyyətinin nümayəndəsi Ruslan Paşayev deyib. O bildirib ki, Hikmət Əmiraslanov bu vəzifəyə bir neçə gündür ki, təyin olunub:

"Hikmət Əmiraslanovla bağlı hazırda araşdırma başlayıb. Ola bilər ki, bu, qərəzli mövqedir. Bu səbəbdən iddianın araşdırılması lazımdır. Şikayət bir şəxsindir. İşçilərin etiraz olaraq işə çıxmaması yalan məlumatdır, hazırda iş başındadırlar. Hikmət Əmiraslanov 3-4 gündür ki, bu vəzifədə çalışır və buna qədər onun haqqında bizə şikayət daxil olmayıb”.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti yanında yeni yaradılan Avtonəqliyyat və Sərnişindaşıma idarəsinin bir qrup əməkdaşı Avropa.info-ya şikayət ərizəsi göndərib.

Şikayətçilər 26.04.2019-cu il tarixdə idarənin rəis müavini Hikmət Əmiraslanovun iclasda kollektivi ağır söyüşlərlə təhqir etdiyini bildiriblər.

"Əsas problem odur ki, sözügedən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Gəncə sərnişindaşımada özünə böyük korrupsiya şəbəkəsi yaradıb. Gecəmizi gündüzümüzə qataraq, şəhər sərnişindaşıma yükünü çiynimizdə biz daşısaq da, hər bir subyekti rəis müavini öz gəlir mənbəyinə cevirib", - kolletiv üzvləri öz müraciətlərində bildiriblər.

"Hikmət Əmiraslanov iclas günü hətta idarədə işləyən xanımlara da hörmətsizlik edərək, sözlə ifadə olunmayan təhqiramiz söyüşlər söyərək, hüquq şöbəsinin müdirinin otağında stol-stulu vurub dağıtdı. Sözügedən məmur bizimlə "burada mənəm, Bağdada kor xəlifə” kimi davranır. Bizim kollektiv rəis müavini Hikmət Əmiraslanova etiraz əlaməti olaraq işə çıxmırıq. Kollektiv bildirir ki, yalnız Gəncənin icra başçısı Niyazi Bayramov bizi bu şəxsdən xilas edə bilər, - deyə şikayətçilər qeyd ediblər.

Sayt qarşı tərəfin mövqeyini öyrənə bilməyib.