Siyasət 10:18 23.02.2013

GƏNCLƏRƏ ÇAĞIRIŞ: Avropa dəyərlərinə sahib çıxın!

DİP sədri gənc nəsli Avropa dəyərlərini mənimsəməyə və Avropa dillərini öyrənməyə çağırdı


“Azərbaycan əslində Avropaya qayıdır. Çünki biz ilk Şərq ölkəsiyik ki, Şərqdə, Türk dünyasında Avropa dəyərlərini bərqərar etmişik”. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bu fikirləri Azərbaycan Avropa Hərəkatının 2-ci konqresində Avropa hərəkatının önəmindən danışarkən ifadə edib. DİP-in mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, partiya sədri Azərbaycanda Avropa cazibəsinin səbəblərinə toxunarkən deyib.

“Avropa dəyərləri Azərbaycanda ilk operayla, ilk teatrla, ilk simfoniyayla yaradıldı. Azərbaycan öz dəyərləri və mədəniyyətiylə Avropa ailəsində bir rəngarənglik yaradıb. Nə üçün Azərbaycanda Avropa cazibəsi var? Çünki biz təkcə Avropanın sosial müdafiə sisteminə qoşulub öz əhalimizin rifahını yaxşılaşdırmağı düşünmürük. Biz həm də Avropanın insanı dəyərlərini önə çıxarırıq. Çünki Avropa öz keşməkeşli tarixində əsas insani dəyərləri - insanın azadlıqları və hüquqlarını çox gözəl ifadə edə bilib. İnsanın yaradıcı olması üçün onun sosial müdafiəsi ilə yanaşı azad olması da vacibdir. Demokratik cəmiyyət, demokratik sistem Avropa mədəniyyətindən irəli gəlir. Bizi həm də Avropanın sözün geniş anlamında mədəniyyəti özünə cəzb edir. Avropa mədəniyyəti deyəndə biz bura təkcə incəsənəti deyil, davranış mədəniyyətini, siyasi mədəniyyəti, idarəetmə mədəniyyətini də daxil edirik. Amma mən əminəm ki, Azərbaycan da zəngin mədəniyyətilə Avropa incəsənətinə öz töhfəsini verəcək”.

A.Mollazadə gəncliyi Avropa dəyərləri ətrafında sıx birləşməyə, özünü inkişaf etdirməyə və Avropa dillərini öyrənməyə səsləyib.

Qaynar.info