Gənclərin layihələrinə 50 min manatadək kredit ayrılacaq

Gənclərin layihələrinə 50 min manatadək kredit ayrılacaq

Xaricdə təhsil almaq istəyən tələbələrin seçilməsi tam şəffaf şəkildə olacaq. Seçim meyarları Gənclər Fondunun səhifəsində öz əksini tapıb. Bütün müsabiqə videoçəkilişlə müşahidə olunacaq. 

Qaynarinfo xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.

Onun sözlərinə görə, tələbələrin seçimləri aparılan zaman şəffaflığın daha da artırılması üçün müvafiq dövlət qurumlarından, Qeyri-Hökumət Təşkilatlarından, ictimai sektordan nümayəndələr dəvət ediləcək:

"Xaricdə təhsil üçün müsabiqə çərçivəsində maliyyələşdiriləcək şəxslərin sayını demək çətindir. Çünki müxtəlif ölkələrdə təhsil haqlarının miqdarı fərqlidir. İxtisasların seçimi isə ölkədə hansı ixtisasa təlabat varsa, ona uyğun həyata keçirilib.

Bununla bağlı Nazirlər Kabinetinin vasitəsilə dövlət qurumlarına müraciət ünvanlanıb və növbəti illər üçün ehtiyac duyulan ixtisasların salınması xahiş olunub. Burada təhsil, kənd təsərrüfatı, İKT, humanitar, sosial, incəsənət və digər sahələrin adını çəkmək olar. Ekspertlər ümumi rəy verdikdən sonra gənclər seçiləcək”.

Fərid Cəfərov gələn ildən başlayaraq, Fond tərəfindən kreditlərin verilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsindən danışıb:

"Ötən il prezident İlham Əliyev tərəfindən imzalanan Nizamnaməyə uğun olaraq Fondun qarşısında bir sıra istiqamətlər qoyulub. Burada gənclərin təsis etdiyi hüquqi şəxslərin innovativ layihələrinin kredit şəklində maliyyələşdirilməsi də daxildir. Bu istiqamət üzrə fond tərəfindən bank və bank olmayan kredit təşkilatlatı ilə danışıqlar aparılır.

Növbəti ildən bu istiqamətdə maliyyələşmə olacaq. Burada üç tip - kiçik, orta, böyük məbləğdə kredit təklif olunur. Bu imkanlardan 18-29 yaşlı Azərbaycan vətəndaşları yararlana biləcək. Kreditlər minimum 1000 manat, maksimum kreditlər isə 50 min manat təşkil edəcək”.
XƏBƏRLƏR
BLOGLAR