Foto 20:46 05.08.2019

"Ögey ana" filminin çəkildiyi kənddən REPORTAJ (FOTOLAR)

Yay aylarında paytaxt sakinləri isti Bakıdan vətənimizin sərin rayonlarına yollanırlar.

Vətəndaşlarımızın ən çox getdiyi İsmayıllı rayonu da ölkəmizin ən dilbər guşələrindən biridir. Rayonda elə kəndlər var ki, onlar öz təbiətinə görə xüsusilə seçilir.

Bu kəndlərdən biri də Qalacıqdır. Qalacıq İsmayıllı rayonundan 30 km aralıda dağların ətəyində yerləşir. İsmayıllı-Qəbələ yolunun üstündədir.


Qalacıq kəndinin adı "kiçik qala" mənasını verir. Kənd əhalisi 2 min nəfərə yaxındır. Əhalinin etnik tərkibi azərbaycanlılar və ləzgilərdən ibarətdir. Əsasən, bağçılıq, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq və xalçaçılıqla məşğul olur.

Qalacıq kəndi geniş turizm potensialına malik kənddir. Gözəl təbiətə malik olmaqla Böyük Qafqaz sıra dağların ətəyində yerləşir. Kəndin hər iki tərəfindən uçqun və yarğanların arasında güclü dağ çayı axır.

Kəndə daxil olan kimi özünü möhtəşəm bir qalanın içərisində hiss edirsən. Kəndi il ərzində minlərlə turist ziyarət edir. Yay fəslində isə turist axını daha çox olur.

Turistləri bu kəndin füsunkar təbiəti ilə yanaşı burada yerləşən tarixi abidələr də cəlb edir. Tarixi abidələrdən ən məşhuru Səngər çayının sahilində IX-XIV əsrlərə aid olduğu ehtimal olunan "Qasım xan" qalası, yerli əhali içərisində "Səngər qalası" adlanan qalanın xarabalıqlarıdır. Kəndin yuxarı hissəsində yerləşən və xalq arasında "Pirdavud" adlanan qəbiristanlıq dövlət tərəfindən qorunur. Kənddə göz oxşayan dağ şəlaləsi, çoxlu sayda sərin bulaqlar var.

Qalacıq şəlaləsi xüsusilə göz oxşayır. Şəlalənin hündürlüyü 50 metrdir. Şəlaləni görmək üçün kənddən dağ yolları ilə 6 kilometr piyada getməlisiniz. Məncə, bu gözəlliyi görmək üçün bu əziyyətə dəyər. Bu kənd həm də şabalıd bağları ilə məhşurdur. İsmayıllıda şabalıd bağları olan tək kənddir. Kənddə çoxlu sayda istirahət mərkəzi və kafelər fəaliyyət göstərir.
 

İstirahət mərkəzlərində bir gün qalmağın qiyməti 60-80 manat arası dəyişir. Ən sərfəli variant isə kənd camaatının kirayə verdiyi evlərdir. Bir günün qiyməti dörd nəfər üçün 50 manatdır. Əgər səhər yeməyi daxil isdəyirsizsə, qiymət qalxır. Xərclədiyiniz pula görə peşman olmayacaqsınız.

Bu kənd film tariximizdə də iz qoymuşdur. Azərbaycanın ən populyar filmlərindən olan "Ögey ana" filmi bu kənddə çəkilmişdir.

Qalacıqlılar bu tarixlə fəxr edilər. "Ögey ana" filmindən məşhur İsmayılın itburnu toplayarkən partladılan dağ səhnəsi burada çəkilib. Həqiqətən, filmin çəkildiyi illərdə buraya yol çəkilirdi və partlayış da gerçək idi.

O tarixə qədər Qalacıq kəndinə aparan yol çox çətin, əziyyətli və uzun idi. Filmin çəkildiyi ildən çox keçməsinə baxmayaraq partladılan dağın mənzərəsini görəndə film insanın gözləri önündə yenidən canlanır.
 
Mənbə: day.az