Gömrük rüsumundan azad olunacaq malların - SİYAHISI

Gömrük rüsumundan azad olunacaq malların - SİYAHISI

Azərbaycanda yeni hazırlanmış "Gömrük tarifi haqqında" qanun layihəsində bir sıra malların gömrük rüsumundan azad olunacağı qeyd olunub.

Trend-in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin cümə axşamı keçirilən iclasında qanun layihəsi təqdim olunub.

Layihədə qeyd olunur ki, gömrük rüsumlarından müəyyən yükləri, baqajları və eyni zamanda dənizdə balıq ovlayan Azərbaycan gəmilərini və Azərbaycanın hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə götürülmüş gəmilərin fəaliyyətini təmin etmək məqsədi ilə gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat, tədarük malları, yanacaq, ərzaq, dərman və digər məhsullar gömrük rüsumundan azad edilir. Eyni zamanda, Azərbaycanın milli valyutası, xarici valyuta və qiymətli kağızlar gömrük rüsumundan azad edilir.

Habelə miqrantların sərhəddən keçərkən şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətləri gömrük rüsumundan azad edilir.

Layihədə eyni zamanda bildirilir ki, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etmək məqsədi ilə istehsal təyinatlı xammalın və müasir texnologiyanı təmin edən avadanlığın idxalına konkret dövr üçün nəzərdə tutulan tarif güzəştləri tətbiq edə bilər.

Gömrükdən keçirilən zaman hər hansı mala gömrük əməkdaşı tərəfindən düzgün olmayan dəyər təklif edilərsə və məhkəmə bəyannaməçinin mövqeyinin düzgün olduğunu hesab edərsə, bəyannaməçiyə dəyən zərər və malın dəyərinə edilən düzəlişlər bunu təklif edən vəzifəli gömrük əməkdaşından tutulması ilə bərabər həmin şəxs eyni zamanda intizam məsuliyyətinə cəlb olunur.

Qaynar.info
XƏBƏRLƏR
BLOGLAR