Ölkə 16:35 19.06.2019

Gömrüyə etiraz edən şəxs özünü yandırıb? (AÇIQLAMA)

Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur. Bildirilir ki, gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər. 

Qaynarinfo xəbər verir ki, ötən gün nuh.az-da yayılan xəbərlərə görə, DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb. 

Məlumata görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş. 

Məsələ ilə bağlı DGK-nın mətbuat xidməti açıqlama yayıb. Açıqlamada bildirilir ki, ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.

Komitə qeyd edir ki, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb.