Siyasət 09:30 24.09.2021

GUAM-da aktivləşmə: Qarabağda rus sülhməramlıları qaldığı müddətdə... (ŞƏRH)

"GUAM daxilində hansısa platformaların müzakirəsi istiqamətində müəyyən fəallaşmalar baş verə bilər. Amma bölgədəki hadisələrlə bağlı GUAM-ın keçən əsrin son illərində nümayiş etdirdiyi iddialarla çıxış etməsi az ehtimal olunur”. 

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy bir vaxtlar geniş rezonans doğuran, amma indi fəaliyyəti zəifləyən GUAM təşkilatının gələcək perspektivi barədə danışarkən deyib. Azərbaycan isə həmsöhbətimizə görə, ehtiyac olduğu çərçivədə, konyunkturaya uyğun formada ara-sıra qurumun fəaliyyətindən istifadə edə bilər: 



"Amma GUAM üzərindən xarici siyasət strategiyasının müəyyənləşdirilməsi, təşkilatlanmanı yeni formaya daşımağımız hələlik tezdir. Qurumu Rusiya əleyhinə yönəlik bloka çevirmək Bakının maraqlarına uyğun deyil. Qarabağda rus sülhməramlıları qaldığı müddətdə, prosesi bu səmtə yönləndirmək ağıllı addım olmaz”.

Ekspert bildirir ki, təşkilata üzv ölkələr fərqli yanaşma sərgiləyirlər:

"Azərbaycan balans siyasəti aparsa da, Gürcüstanla Ukrayna tam Qərbpərəst siyasət aparır. Yəni ölkələri GUAM təşkilatında bir araya gətirən məqamlar dəyişincə ona paralel olaraq qurumun fəaliyyəti də zəiflədi”. 

N. Cəfərsoy son dövrlər qurum daxilində müəyyən fəallaşmanın hiss olunduğunu desə də, onu da qeyd edir ki, üzv ölkələr Moskvaya münasibətdə əvvəlki dövrlə müqayisədə daha diqqətli davranmalı olacaqlar: 

"Keçən ay Batumidə keçirilən toplantıda Gürcüstan, Ukrayna və Moldova müəyyən fəaliyyətlər ortaya qoymağa çalışdı. Bütün hallarda mövcud vəziyyətdə GUAM-ın nə qədər fəallaşa biləcəyini söyləmək çətindir. Hələlik görünən odur ki, Tiflis, Kiyev və Kişinyov prosesin inkişafında maraqlıdır. Amma bu maraq da arxada qalan 20 illik təcrübənin üstündədir. Ona görə Rusiyaya münasibətdə qurum üzvlərinin daha diqqətli davranacaqlarını düşünürəm”. 

Rüfət Sultan