Hüseynbala Səlimov
Siyasət 12:17 10.04.2018

Gülənə qarşı Türkeşlə?

Hüseynbala Səlimov

Düzü, bilmirəm, heç təxmin də edə bilmirəm ki, bütün bu siyasi axtarışların, çabaların və vurnuxmaların axırı nə olacaq və sonda qardaş Türkiyə hansı geosiyasi sahillərə yan alacaq? O qədər sual var ki, onlara nəinki cavab vermək, hətta bir-bir sadalayıb çatdırmaq da müşküldür.   

Bircə onu deyə bilərəm və ona qəti əminəm ki, Rusiya prezidenti Vladimir Putinin Ankaraya ötən həftəki səfərini və orada İran, Türkiyə və Rusiyanın dövlət başçılarının bir araya gəlməsini nəzərə almasaq belə yenə də Türkiyə dünya çapında adı ən çox hallanan ölkələrdəndir.

Yaxın Şərqdəki fəal siyasət, kürd yaraqlılarının neytrallaşdırılmasına yönəlik uğurlu hərbi əməlliyyatlar, Rusiya ilə getdikcə dərinləşən və dönməz xarakter alan münasibətlər, bu xüsusda ABŞ və Avropa ölkələrindən duyulan qısqanclıq, hətta bir qədər tələskənliyilə seçilən bəzi media səhifələrində artıq "Qərbi Asiya İttifaqı” kimi hallanan, Qərb mediasınınsa "Surya tiumviratı” adlandırdığı Tehran-Ankara-Moskva üçlüyü haqqında söhbətlər tükənmir.

Bilavasitə Türkiyənin özü ilə bağlı da xeyli aydınlaşası məqamlar var. ABŞ-la Türkiyə arasındakı münasibətlərin perspektivi necə olacaq? ABŞ və Avropanın Türkiyənin sanksiyalara məruz qalmış Rusiya və İranla sıx əməkdaşlığına son münasibəti nə olacaq?.. 

Üstəlik, Türkiyənin daxili siyasətində də bir dinamizm duyulur və bunu az qala, hər gün görmək və duymaq mümkündür.

Bilirsiniz, çox maraqlı proseslər gedir burada. Aprelin 4-də Alparslan Türkeşin anım günü idi. Ziyarətçilər tək Milliyyətçi Hərəkat Partiyasının üzvləri, fəalları və təəssübkeşləri deyildi, hətta prezident Rəcəb Tayyib Ərdoğan özü də onların sırasında idi. 

Bəs bunu necə yozmaq olardı? Təkcə son vaxtlarda hakim AKP ilə MHP arasındakı sıx yaxınlaşmanın təzahürü kimimi?

Yox, məsələ bunda deyil. Bu yaxınlarda bir qaynaqdan oxuduq ki, qardaş ölkədə təzədən "Ülkü ocaqları”nın bərpasına icazə verilib. Bəli, indi Türkiyədə milli ruhun yüksəlməsinə ehtiyac var. Həm də hesab edirik ki, ölkəni bürümüş "Gülən şəbəkəsi”ni məhz "Ülkü ocaqları”nı bərpa etməklə aradan qaldırmaq olar. Düzdür, bəziləri hətta Türkeşi və  davamçılarını da arabir dinçilərin sırasına qatmağa cəhd edir, amma bu, yanlışlıqdır. 

Bilirsiniz, niyə? Türkeşin məşhur "Doqquz prinsip”indən biri stsientizm idi. Bu terminin mənası odur ki, yalnız elmi bilik ən yüksək mədəni dəyər səviyyəsində qəbul edilə və yalnız ona istinad oluna bilər.

Bir tərəfdən Fətullah Gülənin timsalında dini şəbəkənin mövcudluğu, digər tərəfdən kürd separatizminə qarşı mübarizə, üçüncü tərəfdən də Türkiyənin daha çox müstəqilliyə can atması ölkədə millətçi ruhun bir daha güclənməsini zəruri edir. 

Qardaş ölkədə elə vəziyyətdir ki, ona qarşı Avropa və ABŞ-ın qeyri-səmimi siyasəti Qərb dəyərlərini, ümumiyyətlə, qərbçiliyi dəyərdən salır. Belə vəziyyətdə təbii ki, dinçilər dirçəlirlər. Bəs bunlara qarşı nə qoymaq olar? Əlbəttə, millətçiliyi. Türkiyədə də məhz bunu da edirlər.

Vəziyyətin dramatikliyi bundadır ki, ənənəvi Atatürk millətçiliyi də bu qovağada cazibəsini itirir, çünki Atatürk millətçiliyinin ağırlıq mərkəzi daha çox Qərb dəyərləri səmtində idi.

Doğrusu, bu hala çox təəssüf edirik, amma düşünürük ki, nəzərlərin Türkeşə tərəf yönəlməsi də təhlükəli hal deyildir. Alparslan Türkeşi də bir çox önəmli isimlərlə birgə - İsmayıl Qaspıralı, Əli bəy Hüseynzadə, Ziay Göyalp və Atatürklə birlikdə türk millətçiliyinin bayraqdarlarından bir hesab etmək olar.

Təbii, burada bir daxili siyasi konyukturanın da azacıq təsiri var. Müxalif CHP hər fürsətdə özünü Atatürkün partiyası kimi təqdim edir və bu da Mustafa Kamalı ümummilli simvol hesab edənlərdə haqlı bir qıcıq  və narazılıq doğurur. 

Ümumiyyətlə, bizim də fikrimiz budur ki, ümummilli simvollarla ehtiyatlı davranmaq lazımdır. Təxminən eyni problemi biz də yaşayırıq və bəlkə də Azərbaycanın istiqlal simvolu olan əski "Müsavat"a və onun liderlərinə bir az soyuq münasibətin bir səbəbi budur ki, bu adı ölkənin müxalif partiyalarından biri özünə götürdü. 

Təbii ki, burada başqa səbəb və motivlər də yox deyildir. Amma dediyimiz detal əski "Müsavat"a, onun liderlərinə qarşı soyuq yanaşmanı şərtləndirən əsas amillərdəndir...

Qayıdaq Türkiyəyə. Türkeşin baxışlarında qərbçilik, dünyəvilik və modernizm də xüsusi çəkiyə malik olub. Bu səbəbdən düşünürük ki, Türkiyənin təkrarən "Ülkü ocaqları”nın bərpasına yönəlik səyləri və bir də Türkeşə qarşı daha sayğılı münasibətə istiqamət götürməsi hazırda ən düzgün yoldur, çünki bir daha deyirik ki, "Gülən şəbəkə”sinə qarşı indi yalnız "Ülkü ocaqları”nı qoymaq olar.

Bunun üçün zəmin də var - Türkeşə sayğı böyükdür. Mən onun dəfn mərasimini xatırlayıram. O vaxt Türkeşin partiyası hətta Böyük Millət Məclisində təmsil olunmaq üçün zəruri minimumu aşa bilməmişdi. Gəl ki, Türkeşin dəfni o qədər təntənəli oldu ki, hətta prezidentlər də buna qibtə edərdi...