Siyasət 14:24 15.04.2013

Gülər Əhmədovanın vəsatəti rədd edildi

İstintaq orqanı hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın Cinayət Məcəlləsinin 307.2-ci maddəsinə əsasən təqsirləndirilməsinə xitam verilməsi ilə bağlı verilən vəsatəti cavablandırıb.
Bu barədə APA-ya vəkil Raqif Mustafayev məlumat verib. R. Mustafayev istintaq orqanın vəsatətə rədd cavabı verdiyini deyib: “İstintaq orqanı tərəfindən mənə vəsatətin cavabı göndərilib. Cavabda əsaslandırma hissəsi yoxdur. Mən bu qədər əziyyət çəkib vəsatət yazıram, lakin istintaq orqanı vəsatətə yarımçıq cavab verir. Bu şəraitdə vəkil necə işləsin? Mən hesab edirəm ki, istintaq orqanının özü də Gülər Əhmədovaya verilən əsassız ittihamları əsaslandıra bilmir”.

R. Mustafayev indiyə kimi istintaq orqanı tərəfindən hər hansı istintaq hərəkətinin aparılmadığını da bildirib: “Bir aydan çoxdur ki, Gülər Əhmədovanın müdafiəçisiyəm. Bu bir ay ərzində hər hansı istintaq hərəkəti aparılmayıb. Mənə və müdafiə etdiyim şəxsə istintaqla bağlı heç bir məlumat verilməyib ”.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə )maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilərək  barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qaynar.info