Xəbər lenti

Güllü arvadın təəccübü: «Məllim də bağ suvarar?»
Çingiz Səfərli
Ölkə 13:54 05.10.2017

Güllü arvadın təəccübü: «Məllim də bağ suvarar?»

Çingiz Səfərli

Bu əhvalatı kəndimizin sayılıb-seçilən, minlərlə şagirdin təhsilinə illərini sərf edən, hazırda yaşı 70-i adlayan müəllimimiz danışmışdı. Universiteti bitirdikdən sonra təyinatını alıb, müəllim kimi özünün də oxuduğu kənd məktəbində dərs deməyə gəlmiş və bütün ömrünü kənd uşaqlarının təlim-tərbiyəsinə həsr etmişdi.

Saçları ağaran, illərin əzab-əziyyətindən beli bükülən qocaman müəllimimiz gözlərini uzaqlara zillədi və bir anlıq beynində pərən-pərən olan bütün xatirələrini sanki bir yerə cəmləməyə çalışdı.

"Sizə ötən əsrin 70-ci illərindən danışıram", - deyib sözə başladı.

"Həə... o dövrdə müəllimə, oxuyan adama dəyər verən var idi. Kənddə təsərrüfatla məşğul olmayan insan tapılmazdı. Hamı kimi mən də dərsdən sonra həyət-bacada əlləşər, otunu biçər, ağacını budayar, ya da mal-heyvana baxardım. Qonşuluqda Güllü adında yaşlı bir qarı yaşayırdı. Evdən nadir hallarda çıxan Güllü arvad birdən əlimdə bel məni həyət-bacanı suvaran gördü. Diqqətlə baxdı, baxdı... Sonra öz-özünə "məllim də su savarar?" dedi. Təəccüblü baxışlarından və dediyi sözdən yerimdə donub qaldım, sonra sanki günah iş görürmüşəm kimi əlimdə tutduğum beli yerə atdım. Onda anladım ki, bizim nənə-babalarımız müəllimi müqəddəs hesab edib, başqa insanlara baxdıqları kimi baxmayıblar. 70-80 yaşlı kişilərlə üzbəüz gələndə məndən qabaq salam verirdilər, hal-əhval tuturdular. Kənddə məsləhət lazım olanda birinci mənim qapımı döyürdülər. "Sən oxumuş adamsan, bizdən yaxşı bilərsən" deyib göylərə qaldırırdılar. Amma indi, a bala, nə məktəbli sayır müəllimi, nə də məktəbi qurtaran. Odu ee... Ağamusanın oğlu Rusiyaya işləməyə getdi, gələndə çoxlu pulla gəldi. Nə olsun ki, pulu çoxdu? Küçədə görəndə düz keçir, salam verməyə ərinir. Nə ədəb qalıb, nə də ərkan".

"Güllü arvadın sözündən sonra nə etdiz, yenə həyət bacada işlədizmi”, - soruşdum.

"Əlbəttə işlədim. Yenə bağ-bostanı əkib becərdim. Arada onun da bağına baxdım. Güllü arvad da yavaş-yavaş öyrəşdi", - deyib güldü.

Hə əziz müəllimim, indi müəllimlər bağ da becərir, yayın istisində, qışın soyuğunda çöllərdə də işlədilir. Hələ yeri gələndə ona zibil də daşıtdırır, rüşvət aldırıb, kafe-restoranda ofsiant kimi işləməyə məcbur edirlər. Nə müəllimə hörmət qalıb, nə də müəllimin hörməti...

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->