Gündə nə qədər su içməli?

Gündə nə qədər su içməli?

Gündə bir neçə litr su içməyin sağlamlığa müsbət təsir etdiyini, insanın enerjisini artırdığını, arıqlamağa kömək etdiyini, hətta xərçəngin qarşısının aldığını deyirlər.

Son illərdə Britaniya və ABŞ-da sudan istifadə göstəriciləri artıb.

Bu ölkələrdə insanlara tövsiyə edilir ki, həmişə yanlarında su gəzdirsinlər, gün ərzində 8 stəkan - yəni təxminən 2 litr su içsinlər.

Ancaq bir gündə bu miqdarda su içməyi vacib edən hər hansı elmi əsas yoxdur.

Bəs, bu informasiya nədən qaynaqlanır? Bir neçə il əvvəlki tövsiyənin yanlış şərh edilməsindən.

ABŞ-da qida araşdırmalarıyla məşğul olan bir qurum 1945-ci ildə bir açıqlama verib ki, insanlar gün ərzində qəbul etdikləri kaloriyə bərabər nisbətdə su içməlidirlər.

Məsələn, gündə 2000 kalori qəbul etməli olan qadınlar 2 litr, 2500 kaloriyə ehtiyacı olan kişilərsə 2,5 litr su içməlidirlər.

Amma meyvə və tərəvəzlərin tərkibindəki su və digər içkilər də daxil olmaqla.



Susuzluq hissinə güvənin

Bədənimizdəki su çəkimizin üçdə ikisini təşkil edir.

Qida və tullantıların daşınması, bədən temperaturunun nizamlanması, oynaqlarda sürüşkənliyin və orqanizmdəki bir çox kimyəvi reaksiyaların tənzimlənməsi baxımından suyun əhəmiyyəti çox böyükdür.

Bədənimiz tərləmə, sidik və nəfəs yolu ilə fasiləsiz su itkisinə məruz qalır.

Hədsiz itkinin qarşısını almaq və bədəndəki maye nisbətini qorumaq üçün bəlli miqdarda su içmək vacibdir.

Orqanizmdəki suyun yarısını itirmək öz mənfi təsirini dərhal büruzə verir.

Belə hallarda insan su içməzsə, vəziyyəti daha da pisləşər və bu, hətta ölümlə də nəticələnə bilər.

Bəziləri hesab edirlər ki, susuzluq hissi böyük həcmdə su itkisinin əlamətidir.

Amma mütəxəssislər deyirlər ki, bu hissi yatışdıracaq qədər su içmək kifayətdir, daha artığına ehtiyac yoxdur.

Çünki su tələbatına nəzarət mexanizmi orqanizmin təkamül yoluyla təkmilləşmiş ən mükəmməl xüsusiyyətlərindən biridir.

Sağlam orqanizmdə su itkisi başlayan kimi beyin dərhal susuzluq hissini oyadır və beləliklə də su qəbulu təmin edilmiş olur.

Eyni zamanda, beyin böyrəklərə mesaj göndərərək sidiyin kondensasiyasını artırır və orqanizmdəki suyun mühafizə edilməsinə nail olur.

Qısası, bədənimiz ona nə qədər su lazım olduğunu bilir.

Kalorili olmadığı üçün su ən zərərsiz içkidir, amma çay, qəhvə, hətta spirtli içkilər də orqanizmin su ehtiyacını ödəyə bilir (qəhvədə müəyyən qədər sidikqovuculuq xüsusiyyəti olsa da).



Suyla bağlı iddialar

Orqanizm susuzluq hiss etmədiyi hallarda maye qəbul etməyin hədsiz su itkisinin qarşısını almaqdan başqa da faydaları olması elmi cəhətdən əsaslandırılmayıb.

Amma bəzi araşdırmalara görə, su itkisinin ilkin mərhələdə əngəllənməsi beynin problemləri həll etmə funksiyalarını gücləndirir.

Londondakı UCL Universitetinin professor Barbara Rolls su içməklə arıqlamağın mümkün olması iddialarına belə cavab verir:

"Yeməkdən əvvəl mədəni suyla doldurmağın çəki azaltdığını sübut edən dəlillər yoxdur. Onsuz da su mədədə çox qalmır. Amma yediyiniz yeməkdə, o cümlədən, şorbada olan su daha uzun müddət mədədə olur".

İddialardan biri də budur ki, su üz dərisini gözəlləşdirir.

Ancaq bu da hər hansı araşdırmayla təsdiqlənməmiş fikirdir.



Çox su içmək ziyandırmı?

Gündə 8 stəkan su içməyin elə bir ciddi zərəri yoxdur.

Amma orqanizmin tələbatından artıq maye qəbul etmək bəzən təhlükəli hallar yarada bilir.

Qədərindən artıq su qandakı natrium səviyyəsini azaldır və nəticə etibarilə bu, ciddi problemlərə yol açır.

Lazımi səviyyəni qorumaq üçün orqanizm artıq suyu beyinə və ağ ciyərlərə yığır ki, bu da bədənin şişməsinə gətirib çıxarır.

Son 10 ildə hədsiz ölçülərdə su qəbul etmə üzündən 15 atlet həyatını itirib.

Bu halların hər birində ölüm səbəbi kimi orqanizmin tələbatından artıq su içilməsi göstərilib.



Nə qədər su içmək lazımdır?

Mütəxəssislər bildirirlər ki, ən isti çöldə insan bədəni bir saat ərzində iki litr su itirə bilir.

Onlar şəhər həyatındakı qısa məsafəli hərəkətlər zamanı su itkisinin çox az olduğunu və ona görə də yanımızda həmişə su gəzdirməyin mənasız olduğunu qeyd edirlər.

İngiltərənin Milli Səhiyyə Xidmətləri təşkilatı gündəlik su normasını 6-8 stəkan göstərir. Buna yağsız süd, şəkərsiz içkilər, şay və qəhvə də daxildir.

Ancaq 60 yaşdan sonra orqanizmin susama mexanizmi həssaslığını itirir və bu, yaşlılarda su itkisi riskini artırır.

Ona görə də yaşlı insanlar maye qəbuluna diqqətli yanaşmalıdırlar.

Üstəlik, bunu da yadda saxlamaq lazımdır ki, gündəlik su norması insanın yaşından, cinsiyyətindən, yaşadığı mühitdən və fiziki aktivliyindən də asılıdır. Bu baxımdan gündə 8 stəkan su içmək qaydası məsələyə çox bəsit yanaşmadır.

Mənbə: BBC

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR