İdman 23:30 20.11.2014

Gürcü məşqçi Azərbaycanda tərbiyəsizlik etdi

Topaz Premyer Liqasının XII turunda keçirilən “İnter” - “Xəzər Lənkəran” matçından sonra xoşagəlməz hadisə baş verib. Qaynar.info apasport.az saytına istinadən xəbər verir ki, “bankirlər”in 3:1 hesablı qələbə qazandıqları oyundan sonra paytaxt təmsilçisinin  baş məşqçisi Kaxaber Tsxadadze cənubluların məşqçiləri tərəfə qeyri-etik jest göstərib.

Gürcüstanlı mütəxəssisin bu hərəkətindən sonra “Xəzər Lənkəran”ın nümayəndəsi Yunis Hüseynov onu sakitləşdirməyə çalışıb. Daha da hirslənən Tsxadadze ona da yumruq atıb.

Tsxadadze oyundan sonra keçirilən mətbuat konfransında hərəkətini belə əsaslandırıb: "Emosiyalarım düzgündü. Məsələn, dahi Lobanovski həmişə yerində oturardı. Oğuz Çətin də sakit adamdı. Amma mənim xasiyyıtim başqadı. Mən artist deyiləm, məşqçiyəm. “Xəzər Lənkəran”a da həmişə hörmət eləmişəm. Ümumiyyətlə, 6 ildi ki, burdayam. Heç bir komandaya qarşı hörmətsizlik etməmişəm". 

"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin isə olayla bağlı bunları deyib: "Rəqib komandanın baş məşqçisinin etik normalardan kənar hərəkəti də çox üzücü bir haldı".

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Tsxadadzenin bu hərəkətini komanda üçün təhqir hesab etdiyini bildirib: "Tszadadzenin hərəkəti bizə qarşı təhqirdi. İnanıram ki, bunun hüquqi cəzası veriləcək. "Xəzər Lənkəran" klubu bu hərəkəti pisləyir”.

Qaynar.info