Gürcüstan parlamenti marixuanadan istifadə ilə əlaqədar qanunu qəbul edib.
Parlament prezident seçkiləri öncəsi bu qanunun qəbulunu təxirə salmışdı. Qanunun əsas təşəbbüskarı Gürcüstan hökuməti, müəllifi isə Daxili İşlər Nazirliyidir.
Qanunda deyilir ki, marixuanadan vətəndaş yalnız özünə məxsus ərazilərdə, yerlərdə istifadə edə bilər (fiziki şəxsin evində və əgər bu ev sahibkarlıq subyekti deyilsə, bağ və ya həyətyanı ərazisində). Marixuanadan ictimai yerlərdə, bütün növ ictimai nəqliyyat vasitələrində, uşaqlar üçün nəzərdə tutulmuş yerlərdə, ictimai tədbirlərdə və bu tədbirlərin keçirildiyi ərazilərdə, yetkinlik yaşına çatmamış uşaqların yanında, elm-təhsil müəssisələrində və s. yerlərdə istifadə qadağandır. 21 yaşınadək olan insanların istənilən yerdə marixuanadan istifadəsi də qanunla qadağan edilir.
Bu qaydaları pozan şəxsləri 500 laridən - 1000 lariyədək, təkrar pozanları isə 1000 laridən - 1500 lariyədək cərimə gözləyir.
Marixuananın təsiri altında avtomobil idarə edənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. (AzərTAc)
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!
Şərhlər