Dünya 13:33 16.12.2018

Gürcüstanda müxalifətlə polis arasında qarşıdurma olub

Bu gün Telavi şəhərində Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi olacaq. Gürcüstan müxalifəti isə Telavidə dinc aksiya keçirməyi planlaşdırır.

Qaynarinfo AZERTAC-a istinadən xəbər verir ki, dekabrın 16-da səhər saatlarından başlayaraq müxalifət nümayəndələri minik avtomobilləri və mikroavtobuslarla Tbilisidən Telaviyə doğru hərəkətə başlayıblar. Yol boyu 500-ə yaxın maşın karnavı qeydə alınıb. Avtomobillərin əksəriyyətinin üzərində "Salome yox” şüarı və Gürcüstan bayrağı var. Polis yolboyu bir neçə dəfə müxalifət nümayəndələrindən qayıtmağı tələb edib. Lakin müxalifət nümayəndələri onların tələbinə məhəl qoymayıb. Telavi şəhərinə 10 kilometr qalmış Axaşeni kəndində polis iri avtobuslarla yolu bağlayıb və müxalifət nümayəndələrini şəhərə buraxmayıb.

Polislə müxalifət nümayəndələri arasında qarşıdurma yaranıb, bir neçə polis əməkdaşı və aksiya iştirakçısı xəsarət alıb. Müxalifətin prezidentliyə namizədi, Qriqol Vaşadze də aksiyada iştirak edib.

Qeyd edək ki, Salome Zurabişvilinin inauqurasiya mərasimi Telavi şəhərində baş tutacaq və yerli vaxtla saat 15.00-da başlayacaq. Tədbir təxminən 40 dəqiqə davam edəcək.

Telavi şəhəri Tbilisidən 105 kilometr məsafədə yerləşir. İnauqurasiya mərasimi buradakı qədim çar kompleksində - II İraklinin (1720-1798) iqamətgahında keçiriləcək. Bu, ölkədə qorunub saxlanılan yeganə çar sarayıdır.

Mərasimdə 1800 yerli və xarici qonağın, həmçinin ölkə silahlı qüvvələrinin 200 hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.

Xatırladaq ki, noyabrın 28-də Gürcüstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hakim "Gürcü arzusu” partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili 59,52 faiz səs toplayaraq seçkilərdə qalib gəlib.