Vahid Qazi
Ölkə 19:32 26.02.2021

Güvən mənə, inanım sənə

Məndən soruşsanız Azərbaycanın ən böyük dərdi nədir, deyərəm dövlətlə vətəndaş arasında qarşılıqlı inamsızlıq, etimadsızlıq! Problemlərimizin qaynağını belə görürəm.

Bu, sovetdən qalan mirasdır. Xatırlayıram, SSRİ-də nə vətəndaş dövlətin dediyinə inanırdı, nə dövlət vətəndaşa güvənirdi. Azadlıqlara qapalı postkommunist ölkələrin hamısında eyni vəziyyət olub. Amma müstəqillik illərinə siyasi azadlıqlarla qədəm qoyan ölkələr bu ağır mirasdan tez qurtula bilib. O biriləri isə hələ də həmin buxovla yaşayır. Azərbaycan kimi.

Elə ölkələr də var, neçə yüz ildir dövlət-vətəndaş münasibətlərində qarşılıqlı etimad şüurlara kök salıb, ənənə halını alıb, əxlaq normasına çevrilib. Məsələn, İsveç kimi.

Koronavirus pandemiyası İsveçdə vətəndaşın dövlətə güvənini bəlkə də İkinci Dünya müharibəsindən sonra ilk dəfə belə sınağa çəkirdi. Bütün dünya İsveç modelinə şübhəli yanaşdığı bir vaxtda belə İsveç cəmiyyəti TV-lərdəki çılğın debatlara rəğmən dövlətin pandemiya siyasətinə inamsızlıq sərgiləmədi.

Dövlətin vətəndaşa münasibəti də eyni onun kimi. Sərt karantin rejiminə keçməmək qərarı verəndə vətəndaşına güvəndi, bildi ki, isveçli onun göstərişlərinə şüurlu yanaşacaq, inanacaq, əməl edəcək. Mən hələ hökumətin insanların hərəkət sərbəstliyini məhdudlaşdırmağa hüququ olmadığını demirəm. İsveç Konstitusiyası hökumətin belə bir hüququnu tanımır. Proseduru dəyişmək çətindir, uzun zaman tələb edir. Ayrı mövzudur, "İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?” məqaləsində toxunduğum üçün uzatmıram.

Bu gün İsveç iqtisadiyyatının 2020-ci ili daha az zərərlə başa vurmasının, digər Avropa ölkələri ilə müqayisədə əhalinin mənəvi-psixoloji durumunun qənaətbəxş qalmasının əsas səbəbini dövlətlə vətəndaş arasındakı qarşılıqlı inamda axtarardım.

İsveçi qoyub özümüzə keçim.

15 ilin söhbəti olar. Bir səhər Bakıda yol polisi məni saxladı. Üzündən zəhrimar yağan çavuş kobud şəkildə sənəd istədi. Dedim sənədimi verərəm, amma, sən allah, əvvəl üzündə bir az təbəssüm olsun, səhər-səhər gül, qanımı qaraltma. Məni anlamadı. Daha sərt şəkildə üstümə çəmkirdi. Dedim: "Mən sənin simanda Azərbaycan dövlətini görürəm, çiynindəki poqonun sənin dövlət adamı statusundur, niyə dövlətim məni görəndə mütləq qorxunc görkəm almalıdır? Dövlətin qorxu üzündən savayı bir sevgi sifəti də olmalıdır axı! Nə olar polis – Azərbaycan dövləti öz vətəndaşını gülərüzlə, məhəbbətlə danışdırsa? Mən dövlətimi mənə hörmət edən halıyla görmək istəyirəm!”

Və sair bu sayaq sözlər…

Uzun bir monoloqdan, çək-çevirdən sonra istəyimə nail oldum. Çavuşun üzündən zəhər çəkildi. Gülümsədi. Güləndə sənədlərimi verib hansı qaydanı pozduğumu soruşdum. Əlini çiynimə vurub gülə-gülə "Heç birini, buyur, get” dedi.

Həmin gün polislə – dövlətlə qarşılıqlı etimadımız yarandı: mənim istəyimlə onun üzündəki zəhrimar təbəssümlə əvəzləndi, o da qaydaları pozmadığımı etiraf elədi.

44 günlük müharibədəki uğura dövlətlə vətəndaşın tandemi səbəb oldu. Bu 44 gün 30 müstəqillik ilinin tamından fərqli idi – bənzərini xatırlamıram.

Yenidən etimadsızlıq boşluğuna düşmüşük…

Qarabağdan nigaranıq. Amma dövlət vətəndaşa bilgi vermir.

Güvənmir? "Qarabağ Azərbaycandır!” şüarına 10 milyon qalxıb dövlətə arxa durmadımı?

Vətəndaşının inamını qazana bilməyən, ona güvənməyən dövlət dayanıqlı, güclü sayıla bilməz!

Dövlət vətəndaşına arxalanmalı, onunla açıq dialoqda olmalıdır; ona hərəkət, fəaliyyət sərbəstliyi verməli, azadlıqda yaşamaq vərdişi aşılamalıdır. Və ən əsası bundan çəkinməməli, qorxmamalıdır!

Güclü dövlət, azad cəmiyyət və firavan həyat yalnız dövlətlə vətəndaşın qarşılıqlı etimadı yarananda, onlar bir-birinə güvəndiyi zaman qurulacaq.

Güvən mənə, inanım sənə, dövlətim!

Vahid Qazi

Fevral, 2021

Husensjö, İsveç