Hadi Rəcəbli:

Hadi Rəcəbli: "Ailədə 2 nəfər işləyəndə 180 manatla dolanmaq olar"

"Mən adamların içərisində tez-tez oluram, pensiyaçılarla, aztəminatlı ailələrlə görüşürük, adamlarla söhbət edirik. Pensiyaların artması ilə bağlı bu rəqəmi görəndə, insanlar böyük sevinc keçirirlər. İnşallah martın 1-dən bunu hiss edəcəklər. Bu rəqəm olduqca böyükdür". 

Qaynarinfo  xəbər verir ki, bu fikirləri REAL TV-yə müsahibəsində Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri, deputat Hadi Rəcəbli bildirib. 

Komitə sədri deyib ki, Azərbaycanda minumum əmək haqqı 50 manat artırlıb:

"Məgər bu azdırmı? Biz bütövlükdə müzakirə edəndə onunla mən də razıyam ki, tələbatla təminat düz mütanasibdir. İnsan təmin oluna-oluna onun təlabatı da artır. Bunu heç vaxt biz qınamamalıyıq. Mənə sual verə bilərlər ki, Hadi müəllim, insan 180 manatla dolana bilərmi? Əlbəttə ki, çətin olar. Ancaq ailədə 2 nəfər işləyəndə, adam iki yerdə çalışanda dolanmaq olar. Doğrudur, burada çətinliklər var və biz də onu qəbul edirik. Amma bu o demək deyil ki, sən əvvəlkini yaddan çıxarmalısan. Əvvəl 130 manat idi, indi 180 manat oldu. Gərək bunu da başa düşəsən. Bəzən görürsən ki, bu unudulur və başqa məsələni müzakirə etməyə başlayırlar. Burada da populizm var, heç bir kökü-əsası yoxdur. Bunların hamısı addım-addım özü əmələ gəlir. Bizim 7-12 dəfə artan rəqəmlərimiz var. Vaxt var idi ki, Azərbaycanın şəhər və kəndlərində işıq, qaz, su təchizatı yox idi. Yollarımızda problemlər var idi. Normal məktəb və səhiyyə obyektləri yox idi. Amma indi var. Bütün bunlar nə tez yadımızdan çıxdı? Axı niyə biz bunları nəzərə almırıq? Bunlar da sosial müdafiədir, xalqa xidmət edən addımlardır. Məgər möhtərəm prezidentimiz müəyyən mitiqnlərə görəmi "ASAN xidmət"i yaradıb? Məgər mitinqlərdən sonra "DOST xidməti" və "Təbib" sistemi ideyalarının yaranması ortaya çıxıb? Buyurun, boş-boş danışmaq da olar!".

Hadi Rəcəbli qeyd edib ki, bütün bu kimi ideyalar Prezidentin zaman-zaman, addım-addım atdığı sosial müdafiə elementləridir:

"Görün "ASAN xidmət" nə qədər insanı korrupsiyadan və cürbəcür narahatedici xərclərdən xilas edib. 124 növ sosial müdafiə xidmətlərinin sistemləşdirilməsi həyata keçirilir. İndi görün nə qədər rahat şərait qurulur. Pensiya yaşın çatan anda sənə zəng edib deyirlər ki, gəl kartını götür və sənin pensiyan hesablansın. Bütün bunları görməmək, qeyd etməmək mümkündürmü? Bəs sosial müdafiə necə olur? Bütün bunların hamısı sosial müdafiənin elementləridir. Axı bunu necə görməmək olar?".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR