Siyasət 17:11 30.07.2013

“Hadisələr həmin ssenari üzrə davam edəcək” - ŞƏRH

“Konsensusun alınması bir qədər çətin olacaq. Çünki Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığından çıxması ləngiməklə yanaşı, başqa problemlər də var”.


Bunu Qaynar.info-ya politoloq Qabil Hüseynli Milli Şuranın Tiflisdəki görüşünü şərh edərkən deyib. 

O bildirib ki, Rüstəm İbrahimbəyovla bağlı problemləri Siyavuş Novruzov ANS telekanalında sadalayıb: “O, seçki qanunvericiliyinin 4 maddəsinin İbrahimbəyovun əleyhinə olduğunu iddia etdi. Bu baxımdan İbrahimbəyovun Bakıya dönüşü məsələsini kifayət qədər çətin hesab edirəm. Çünki onun yolunda əngəllər yaradılıb. Müsavat yetkilisi Mehman Cavadoğlu deyir ki, Tiflisdəki görüşdə ehtiyat namizəd variantı müzakirə ediləcək. Beləcə hadisələr həmin ssenari üzrə davam edəcək”.

Politoloq Milli Şuranın seçkidə iştirak etməsini uğurlu variant hesab edir: “Rüstəm İbrahimbəyovun olmayacağı təqdirdə variantlardan biri seçkilərin boykot edilməsidir. O biri variant başqa namizədlə Milli Şuranın seçkilərdə iştirak etməsidir. Zənnimcə, seçkiləri boykot etməkdənsə, seçkilərdə iştirak edib ideyaları populyarlaşdırmaq, əhalini oyatmaq lazımdır. Bu məsələ ilə bağlı Milli Şuradakı fikir ayrılıqlarına münasibət bildirməyə çətinlik çəkirəm. Uzun müddət müxalifətdə olmuş, seçkilərdə iştirak etmiş bir adam kimi deyə bilərəm ki, seçkilərdə iştirak etməmək partiyalara ciddi zərər vurur”.

Q.Hüseynli bəzi müxalifətçilər tərəfindən irəli sürülən “ehtiyat namizəd hakimiyyətə əlavə seçim imkanı verir” fikrinə də münasibət bildirib: “Bu fikirdə müəyyən həqiqət payı var. Amma Rüstəm İbrahimbəyovun da perspektivləri kifayət qədər problemli görünür”.

İlkin
Qaynar.info