Dünya 12:15 28.02.2020

“Hadisələr Türkiyə, eləcə də Ərdoğanın hakimiyyəti üçün problem yarada bilər” (ŞƏRH)

"Türkiyə-Rusiya arasında baş verənlər təkcə Azərbaycan deyil, bütövlükdə Qafqaz regionu üçün təhlükəlidir”.

Bunu Qaynarinfo-ya açıqlmasında Siyasi İnnovasiyalar və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu Türkiyə ilə Rusiya arasında baş verən siyasi-hərbi gərginlikdən danışarkən deyib. Onun sözlərinə görə, hadisələr Türkiyə-Rusiya müharibəsi istiqamətində gedir:

"Düşünürəm ki, müharibəni dayandırmaq olmayacaq. Rusiya və Qərb çalışacaq ki, Türkiyə ilə olan müharibə xroniki formaya keçsin. Çünki Türkiyənin siyasəti ABŞ-ı da, NATO-nu da qane eləmirdi. Ərdoğanın müstəqil siyasəti Amerika, NATO və Avropa üçün bir faktora çevirilmişdi. Ona görə Qərb Türkiyə tərəfə ritorik dəstək verəcək. Eləcə də Ərdoğan da istəyirdi ki, Putini cəzalandırsın. Rusiya da bunu bilir. İki gün öncə Putin martın 5-də İstanbula getməkdən imtina elədi. Onda artıq bəlli idi ki, Rusiya Türkiyənin müharibəyə hazırlaşdığını görür və Rusiya da bunu qəbul elədi. Mən buna çox təəssüf edirəm. Hadisələr Türkiyə üçün, eləcə də Ərdoğanın şəxsi hakimiyyəti üçün problem yarada bilər. Arzu edək ki, hər şey sakitliklə başa çatsın. Şans belədir ki, bu gün axşam saatlarına kimi Türkiyənin müdafiə naziri əvvəlki bəyanatlarına bənzər çıxış edərsə, proseslərdə sakitlik yarana bilər. Yox verməsə, heç kəs hadisələri müharibədən çəkindirə bilməyəcək”. 

Mübariz Əhmədoğlu qeyd edib ki, nə qədər çətin də olsa, Azərbaycan bu prosesdə gözləmə mövqeyində olmalıdır:

"Türkiyə tərəfdən Rusiyanın pilotu vurulanda o zaman vasitəçiliyi Azərbaycan prezidenti edib. Azərbaycan prezidentindən sonra Qazaxstan prezidenti işə qarışdı. İndi hazırda vəziyyət gərgindir. Barışdırıcının sözünü nə Rusiya, nə də Türkiyə tərəfi qəbul edər. Hazırda iki ölkə arasında ən nifuzlu şəxs İlham Əliyevdir. Bu birmənalıdır. Amma hər iki ölkənin rəhbərinin barışıq sözü eşidən qulağı bağlıdır. Baş verənlər təkcə Azərbaycan deyil, bütövlükdə Qafqaz regionu üçün təhlükəlidir. O cümlədən Azərbaycan üçün də gərgin ola bilər. Azərbaycan çalışmalıdır ki, Rusiyanı qıcıqlandırmasın. Bu üzdən də gözləməliyik”.

Bahar Rüstəmli