İdman 21:48 25.04.2013

Hakan Şükür Azərbaycandan danışdı (MÜSAHİBƏ)

“Hətta güclü komandalar da bilirlər ki, Bakıda oynamaq heç də asan deyil”

Futbol üzrə Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq forvardı Hakan Şükür azerisport.az saytına müsahibəsini təqdim edirik.

- Öncə Azərbaycana qarşıdakı səfəriniz barədə fikirlərinizi bilmək istərdik...

- İki gün ərzində Bakıda olacağam və paytaxtınızda bir sıra vacib görüşlər həyata keçirəcəm. Məni Azərbaycana “Bakı”nın prezidenti Hafiz Məmmədov dəvət edib. Səfər zamanı “Atletiko”nun sizin futbolçularla oyununu da izləyəcəm. Mayın 1-də isə veteranlar arasında Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yoldaşlıq oyunu keçiriləcək. Həmin oyunda iştirak etməliyəm. Azərbaycana gəlişimdən çox şadam. Hamı ölkələrimizin nə qədər yaxın olduğunu bilir. Bizi çox şeylər birləşdirir.

- Veteranların oyununu da, sadəcə, izləməklə kifayətlənəcəksiz?

- Avropalı veteranların heyətində yer almalıyam. Hələlik komandanın heyəti tam müəyyənləşməyib. Amma azarkeşləri maraqlı və baxımlı futbol gözlədiyi dəqiqdi.

- Adətən belə oyunlar heç-heçə bitir. Bu oyunda da elə olacaq?

- Bir daha qeyd edirəm ki, hələ heyətimizdən xəbərim yoxdur. Sadəcə, onu bilirəm ki, Türkiyədən mənimlə yanaşı, başqa qonaqlar da olacaq. Nəticədən danışmaq istəmirəm. Jurnalistlər bu və ya digər oyunun hansı nəticə ilə bitəcəyinə dair çox suallar verirlər. Amma belə proqnozlar vermək çətindi. Çünki futbolda hər şey ola bilər. Əsas odu ki, azarkeşlər oyundan razı qalsınlar. Avropa yığmasında yer alacaq hər bir ulduz komandanıza qol vurmağa çalışacaq. Yenidən Bakıda meydana çıxmaq xoş olacaq. Çünki əvvəllər də ölkənizdə oyun keçirmişik və bizi çox yaxşı qarşılayıblar.

- Azərbaycan idmanını izləyirsizmi?

- Bilirəm ki, ölkənizdə idmana böyük diqqət yetirilməkdədir. Azərbaycanda da futbolu çox sevirlər. İki ölkə yığması artıq bir neçə dəfə üz-üzə gəlib. Futbolla yanaşı, sizdə Olimpiadaya da xüsusi önəm verilir. Çoxlu titullu idmançılarınız var. Azərbaycanın bu və ya digər uğurları məni də sevindirir.

- Azərbaycan futbolunun gələcəyini necə görürsüz?

- Mənə elə gəlir ki, ölkədə futbola bu qədər diqqət və qayğı varsa, bunun mütləq nəticəsi olmalıdı. Bilirəm ki, klublarınızda güclü legionerlər çıxış edirlər. Uşaq futboluna da böyük diqqət var. Yadıma gəlir yığmanız Türkiyə millisini Bakıda necə məğlub etdi. Bakıda oynamaq həmişə çətin olub. İndi necə olduğunu bilmirəm. Amma o dövrlərdə komandanızı dolu tribunalar dəstəklərdi. Hətta güclü komandalar da bilirlər ki, Bakıda oynamaq heç də asan deyil.

- Bilirsiz ki, Azərbaycanda həm Türkiyə yığmasını, həm də klublarınızı çox yaxından izləyirlər?

- Bilirəm ki, bizim uğurlarımıza sizdə də sevinənlər çoxdu. Məsələn, biz dünya çempionatında uğurlu çıxış edən zaman Azərbaycanda bizimkilərdən az sevinmirdilər. Bizim ölkələr bir-birinə çox yaxındı. Yenidən Bakını görmək mənim üçün çox maraqlı olacaq. Paytaxtınızın çox dəyişidiyini deyirlər. Azərbaycan inkişaf edir və buna Türkiyədə də sevinirlər.

Qaynar.info