İdman 16:50 15.08.2019

Millimizin sabiq futbolçusu: "Hamısı yaltaq, ikiüzlü adamlardır"

Millimizin sabiq futbolçusu Elhad Nəziridən uzun müddətdir xəbər yoxdu. Nə yaşıl meydanlarda özünə, nə də mətbuatda adına rast gəlmədiyimiz futbolçu ilə saxladıq. Harda, nə işlə məşğul olduğu haqda Elhad Sport7.az-a müsahibəsində danışıb. 

- Elhad, çoxdandı görsənmirsən... İşlərin necə gedir? Futbola davammı?
- İşlərim şükürlər olsun ki, yaxşı gedir. Ancaq futbolla heç bir əlaqəm yoxdu. Artıq 2-3 ildi futboldan uzağam. 

- Bəs futbolu atmağına səbəb nə oldu?
- Futbolu atmağıma səbəb... Mən istənilməyən yerə özümü məcbur soxmaram. Onsuz da məni istəmirdilər. Biraz da işlər qaydasına düşməyən kimi gördüm ki, mənim uzaqlaşmağım məsləhətdi. Gedib 500 manata oynamaqdansa, futbolu atmaq daha yaxşı fikirdi. I Divizionda uşaqlar oyuna çıxa bilmirlər ki, səhv edəcəyik deyəcəklər ki, oyunu satıb. Yəni, bizim futboldan danışmağa çox şeylər var.
 


-  Əslində, 2012-2013-cü illərdə ulduzun parıldayırdı, legioner həyatı yaşayırdın, Berti Foqts səni milliyə dəvət etmişdi. Ancaq sonra Azərbaycana qayıtdın və geriləməyə başladın. Niyə belə oldu?
- Azərbaycana qayıtmq ən böyük səhvim oldu. Hər bir atdığım addım, hər bir hərəkətim elə böyük qalmaqala çevrilirdi ki, nə edəcəyimi bilmirdim. İstər jurnalistlər, istərsə də futbol ictimaiyyəti arasında... Elə hiss edirdim ki, mən heç azərbaycanlı yox, başqa ölkədənəm. Rumıniyada, Moldovada özümü burdan doğma hiss edirdim. Mənim o səviyyəyə gəlib çıxmağımı istər futbolçuların 90 %-i, istərsə də futbolda olanlar istəmirdilər. Bu cür paxıllıq hissi bunlarda necə yaranıb, necə bacarırlar onu bilmirəm. Ona görə də futbolumuz, 8 komandalı çempionatımız yiyəsiz ailəyə bənzəyir... Çempionatımızda kim kimi hara gəldi aparır, kim nə istəyir edir. Üzdə olanların da hamısı yaltaq, ikiüzlü adamlardı. Ən gözəl bacardıqlarını edirlər. 

- Elhad, bəs sənə qarşı belə münasibətlərin səbəbi nə idi? Niyə sənin adını daha çox qalmaqala çəkirdilər? Səbəbini bu neçə ildə anlaya bildin?
- Mənim bu vaxta qədər bir insana xeyirdən başqa heç bir ziyanım keçməyib. Bunun hamısının səbəbi gözlərinin götürməməsi idi. 10 milyon əhalisi olan ölkənin bir futbolçusunun Avropada çempion olmağını, milliyə çağırılmasını gözləri götürmədi. Elə bil ata-analarının əlindən alıb yeyib irəli getmişəm kimi hiss edirdilər. Məni futboldan uzaqlaşdırmaq üçün hər şey etdilər. Rumıniya mətbuatına "lipa" məsələsini yaydılar. Rumıniyalı jurnalistdən başqa müsahibə alıb, düz olan şeylər yerinə pis şeylər yazdılar. Azərbaycanda bu idman növünə qarşı məndə nifrət yaratdılar. 
 


- Konkret hansı hadisədən sonra futbolu atdın?
- İkinci dəfə Rumıniyaya I Divizion komandasına qayıtdım. Ancaq komandada maliyyə problemi oldu və formada qalmaq üçün Azərbaycana gəldim. "Rəvan" klubu ilə müqavilə bağladım. Orada isə hər gün bir hadisə, bir qalmaqal, oyun alqı-satqısı kimi hallar olurdu. Komandada olanlar da, olmayanlar da istədiyi oyunu verirdilər. Xəbər gəldi ki, bizim "ağıllı, gözəl" federasiyamız klubun fəaliyyətini dayandırır. Mən də ondan sonra nə bir futbol adamına, nə də bir kluba müraciət etmədim. Elə futboldan uzaqlaşdım. 

- Bəs bu uzaq qaldığın müddətdə heç səni axtaran, geri çağıran olub, yoxsa eləcə unuduldun?
- Yox, axtaran bir insan olmayıb. Nə futbol adamları, nə də vaxtında məndən müsahibə almaq üçün yalvaran jurnalistlər. 3-4 nəfəri çıxmaq şərti ilə. Qınamıram heç kimi. İndi dostluq etdiyin oğlanlar sənin arxanca min işlər çevirir, danışır, o da qaldı hələ ən murdar sənətin nümayəndələri məni axtarsın. Özümdən asılı deyil artıq, yanımda futboldan söhbət açılanda əsəbləşirəm və mövzunu dəyişirəm. 

- Çempionatı, millinin oyunlarını da izləmirsən?
- Yox, çempionatdan heç xəbərim yoxdu. Arada millinin oyunlarına baxıram ki, gör biz nə gündəyik, futbolumuzu kimlər idarə edir, kimlər oynayır... Filankəsin dostu, qohumu, qardaşı, tanışı, tapşırıqı, din yoldaşı, islam yoldaşı olan futbolun nəyinə baxım?!