Hansı daha sərfəlidir: Kirayə qalmaq, yoxsa kreditlə ev almaq? (VİDEO)
Kirayə mənzillərdə qalan insanların ən böyük arzusu öz evlərinin olmasıdır. Amma gəlirlərinin az olması bu arzularının gerçəkləşməsini çətinləşdirir. Çünki onların mənzil almaq üçün kifayət qədər büdcələri yoxdur. Kreditlə mənzil almağa gəlincə isə, bu, bir çoxlarına riskli gəlir. Kirayə qalmaq , yoxsa kreditlə ev? Görəsən hansı daha sərfəlidir?
"Görəsən, kreditlə ev alsam, hər ay pulu ödəyə biləcəyəm?", "15-20 il müddətinə kredit ödəmək riskli deyil?!" və bu kimi digər sualları kreditə mənzil almaq istəyən bir çox insan özünə verir . Beləliklə, kirayə evdə qalmaq, yoxsa daha cəsarətli davranıb kreditlə şəxsi mənzil sahibi olmaq insanları düşündürən önəmli məsələlərdəndir. Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə, ölkədə təqribən hər 4 ailədən biri kirayədə yaşayır. Ekspertin fikrincə, onların bir çoxu ailə büdcələrini düzgün tənzimləməklə kreditlə mənzil sahibi ola bilərlər..
Gəlin qısa bir hesablama ilə fərqə baxaq. Vətəndaş kreditlə mənzil almaq istəyirsə, birotaqlı mənzil sahibi olmaq üçün 20 faiz ilkin ödəniş kimi 7 min manat ödəməlidir. Hər ay 300 manat kredit ödəmək şərti ilə 25 illik kredit götürdüyünüzü nəzərə alsaq, bu sizə 90 min manata başa gələcək. İlkin ödənişlə birlikdə 97 min manat ödəməklə mənzil sahibi olmaq mümkündür.
Bakıda birotaqlı və avadanlıqlı mənzillərin kirayəsi isə 250 manat civarındadır. Hər ay 250 manat kirayə haqqı verdiyiniz təqdirdə 25 ilin sonunda (250 x 12 x 25 = 75.000) 75 min manat ev sahibinə ödəmiş olursunuz. Üstəlik, bu, geri qayıtmayan məbləğdir.
Ekspert qeyd edir ki, 10 il öncə təqribən 35 min manata birotaqlı mənzil sahibi olmaq mümkün idisə, bu gün bu qiymət 70 min manat civarındadır. 10 il sonra mənzil bazarında qiymətlərin daha da artacağı istisna edilmir.
Ekspertlər tövsiyyə edirlər ki, kreditlə mənzil almaq istəyənlər tikinti şirkətləri ilə müntəzəm əlaqə saxlamaqla daha münasib şərtlərlə ev sahibi ola bilərlər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər