Siyasət 17:28 21.06.2013

“Hansısa ölkə kimisə süni şəkildə meydana gətirə bilməz”- Eldar Namazov

“Tək başına heç kim heç heç nə edə bilməz. Hər bir prezidentin, o cümlədən də Rüstəm İbrahimbəyov prezident seçilsə, özünün komandası olmalıdır”.

Bunu Qaynar.info-ya açıqlamasında Milli Şuranın icra aparatının rəhbəri Eldar Namazov deyib. O bildirib ki, Rüstəm İbrahimbəyov çox təcrübəli adamdır: “O, vaxtilə idarəetmə sistemləri ilə məşğul olub, böyük təşkilatlara rəhbərlik edib. SSRİ dağılandan sonra Kinemotoqrafçılar İttifaqı yeganə təşkilatdır ki, sovetlər birliyini əhatə edir. Yəni bu insanın həyat, təşkilatçılıq təcrübəsi var. Hesab edirəm ki, seçimimiz düzgündür”.

E.Namazov qeyd edib ki, hansısa ölkə kimisə süni şəkildə meydana gətirə bilməz: “Burada ictimai rəy vacibdir. Rüstəm müəllim hələ seçkilərdən söhbət getməyəndə Ziyalılar Forumunun təsisçisi və sədri kimi çox böyük reytinqə malik idi. Xeyli vaxt idi ki, aparıcı siyasi partiyalar deyirdilər ki, Ziyalılar Forumu ilə əməkdaşlığa hazırdırlar. Çünki Ziyalılar Forumu ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Azərbaycan cəmiyyəti Rüstəm müəllimə etimad göstərir. Onu Rusiyada da, Avropada da, ABŞ-da da yaxşı tanıyırlar”.

E.Namazov Milli Şuraya yeni üzvlərin qəbulu ilə bağlı ACP sədri Sülhəddin Əkbərin etirazına da münasibət bildirib: “Yeni üzvlərin qəbulu müzakirələrdən, səsvermədən keçməlidir. Milli Şuranın sessiyasında hansı qərar veriləcəksə, o da qəbul olunacaq. Sülhəddin bəy dedi ki, razılaşdırılmamış məsələlər müzakirəyə çıxarılmalıdır. Bu gün də müzakirələrdən keçən adamların namizədliyini səsverməyə çıxardıq və həmin adamlar Milli Şuraya üzv qəbul edildilər”.

İlkin
Qaynar.info