"Ural Hava Yolları” şirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib.

Bu barədə Qaynarinfo-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Bəhreyndən Moskva şəhərinə uçan "Ural Hava Yolları” şirkətinə məxsus "Airbus A321" təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.

"Qəza enişinə səbəb kapitanın hava gəmisində (HG) bomba olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalı ilə ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib", - deyə məlumatda vurğulanır.