Ölkə 09:36 14.12.2019

Hazırkı bələdiyyə sədrləri hansı partiyanın üzvləridir?

"Rayonlarda bələdiyyə üzvləri arasında bitərəf şəxslər, digər partiyaların nümayəndələri də var”.

Qaynarinfo xəbər verir ki, bu sözləri Modern.az-ın sorğusuna cavab olaraq, beşinci çağırış Milli Məclisin deputatı Tahir Rzayev söyləyib. O, qeyd edib ki, 2014-cü il bələdiyyə seçkilərində bəzi partiyaların kifayət qədər namizədi iştirak edib:

"İndi də digər partiyalardan xeyli namizəd irəli sürmüş partiyalar var. Bələdiyyə sədrlərini bələdiyyə üzvləri özləri seçirlər. Ola bilər, bələdiyyə üzvlərinin əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir. Amma bitərəf və digər partiyaların nümayəndəsi olan bələdiyyələrin də sayı yetərincədir.

Ötən bələdiyyə seçkilərində iştirak edən partiyaların namizədlərindən qalib gələnlər olub.

Hansı partiyaların üzvlərindən bələdiyyə sədri olanlar varsa, bunu bələdiyyə assosiasiyaları daha yaxşı bilirlər”.

Qeyd edək ki, dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

Xatırladaq ki, bundan əvvəlki bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.