Ölkə 13:02 22.05.2020

Həbslər və kadr dəyişiklikləri rüşvətin kökünü kəsəcəkmi? – Fərqli cavablar

Bu gün aparılan həbslər və kadr dəyişiklikləri Azərbaycanda rüşvət və korrupsiyanın qarşısını alacaqmı?

Qaynarinfo bununla bağlı cəmiyyətdə tanınan şəxslər arasında sorğu keçirib.

Sorğunu təqdim edirik:

Milli Məclisin deputatı, Ana vətən Partiyasının sədri Fəzail Ağamalı: 

"Əlbəttə, aparılan islahatların vacib elementlərindən, tərkib hissəsindən biri də islahatların ciddi və əhəmiyyyətli gedişinə nəticələr verməsinə mane olan korrupsiya və rüşvətxorluğa qarşı mübarizədir. Ona görə də bu baxımdan ölkə prezidentinin iradəsi ortadadır. Və prezidentin də dediyi kimi, korrupsiyaya qarşı amansız mübarizə başlayıb. Burada kimsəyə güzəşt yoxdur. Ona görə də tamamilə əminəm ki, başlanmış islahatlar və onun tərkib hissəsi sayılan korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bundan sonra da sona kimi davam edəcək”.

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu: 

"Bunun təsiri olacaq. Əlbəttə ki, bütövlükdə aradan qalxacağından söhbət gedə bilməz. Çünki bu elə bir prosesdir ki, daimi təzahür edə bilir. Harada insan varsa, belə bir proses olacaq. Amma buna qarşı dövlətin apardığı tədbirlər olduqca əhəmiyyətlidir. Bunun da müsbət nəticəsi olacaq. Ən azı cəmiyyətdə bu istiqamətdə bir mübarizə aparılmasına, müəyyən işlərin görülməsinə səbəb olacaq”.  

İqtisadçı ekspert Natiq Cəfərli: 

"Azərbaycanda rüşvət və korrupsiyaya görə həbs olunanların nəticəli araşdırılması gedir. Korrupsiyanı doğuran səbəblərin hələ də aradan qaldırılması ilə bağlı sistemli yanaşma yoxdur. Əslində isə biz sistemli yanaşmanın tərəfdarıyıq. Yəni, kadr dəyişiklikləri yaxşıdır və korrupsiyaya qarşı mübarizə aparılmalıdır, ən sərt şəkildə cəzalar da olmalıdır. Amma bu korrupsiyanı doğuran səbəblər aradan qaldırılmalıdır. İdarəetmənin özünün fəlsəfəsində, hüdudlarında bir dəyişikliyə ehtiyac var. İcra başçıları ilə problem yaşanırsa, tək şəxslərdən doğan probelm deyil, həm də onların səlahiyyətlərinin harda başlayıb, harada bitməsi ilə bağlı ciddi problemlər var. Qanunvericilikdə onların səlahiyyətləri yazılıb, amma sonda bir cümlə də əlavə olunub ki, qanunvericilikdə nəzərdə tutulan digər səlahiyyətlərə də aiddir. O digər səlahiyyətlər nədir, bilinmir, icra başçıları da özlərini yerlərdə xan kimi aparırlar. Qanunvericilikdə də sistemli şəkikldə dəyişməyə, korrupsiyanı doğuran səbəblərin aradan qaldırılması üçün müəyyən addımlara ehtiyac var. Ciddi cəzalar da olmalıdır. Bunlar bir-biri ilə paralel şəkildə aparılmalıdır”.    

Təhsil eksperti Kamran Əsədov: 

"Düşünürəm ki, kadr islahatlarına tamam fərqli yanaşmaq lazımdır. Birincisi, kiminsə qohumunu, tanışını vəzifəyə gətirməklə ciddi bir fərq yaratmaq mümkün deyil. Yəni, toplananların yerini dəyişəndə cəm dəyişmir. Ola bilər ki, yeni kadrlar rüşvət almayacaq, amma məhz qohumluq əlaqələri və onların qohumlarının da köhnə məmurlara münasibətləri yerlərdə ciddi dəyişikliyə imkan verməyəcək. Hesab edirəm ki, daha çox hansısa məmurla qohum olmayan, ictimaiyyətə açıq, müstəqil şəxsləri bacarıqlarına uyğun olaraq, vəzifələrə gətirmək laızmdır. Əgər bir rəqabətə davamlı iqtisadiyyat yaratmaq, vətəndaş məmunluğunun olacağı xidmət sektoru yaratmaq istəyiriksə, kadr bankı formalaşdırıb ordan istiqamətlər üzrə şəxsləri seçməliyik. Bu gün kifayət qədər yenilikçi, ölkənin inkişafına daha tövhə verəcək şəxslər var ki, onlar kənarda qalıblar. Bu gedişlə onlar yollar açılanda küsüb ölkədən gedəcəklər. Necə ki, milli yığmaya futbolçu seçəndə bütün ölkə klublarına baxış keçirilir, vəzifə təyinatı üçün də geniş bir araşdırma olmalıdır. Məncə, heç kimin qohumu olmayan, hansı məmurla əlaqəsi olmayan kasıb 18 yaşlı oğlana sərhədi, postu etibar ediriksə, o şəxsi vəzifə postunu da etibar etməliyik. Kasıb neyləsin ki, kiminsə qohumu deyil”.

Politolq Elxan Şahinoğlu: 

"Son aylarda Azərbaycanın 5 rayonunda icra hakimiyyətlərinin başçıları həbs olunub. Həmin şəxslər sahibkarlardan, sadə vətəndaşlardan rüşvət alır, qanunsuz yolla varlanırdılar. Prezidentin koronavirusun yayıldığı dövrdə insanlar üçün ayırdığı pullar korrupsiyanın uğradığı bölgələrdə oğurlanırdı. 

Prezident Azərbaycanın yeni baş prokuroruna da tapşırıq verib ki, korrupsiyaya qarşı mübarizə sərtləşdirilsin. Bu illərdə korrupsioner məmurların əməllərinə göz yuman və bəzən onlarla əlbir olan yerli hüquq-mühafizə xidmətləri də baş verənlərə görə məsuliyyət daşıyırlar. Bəzi yerli hakimlər isə korrupsioner məmurların sahibkarların torpaq sahələrini əllərindən almalarına hüquqi don geydiriblər. Təsadüfi deyil ki, son vaxtlar hakimlər korpusunda da islahatlara başlanılıb. Buna da ehtiyac var. 

Bir sözlə, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə başlayıb. Koronavirus epidemyası bütün ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyi kimi Azərbaycandan da yan keçməyib. Dünya bazarlarında neftin qiyməti xeyli aşağı düşüb. Bu isə o deməkdir ki, neft gəlirləri azalacaq. Buna görədir ki, prezident illərdir bir tesizi dönə-dönə təkrarlayır: "Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır!” 

Korrupsiyaya qurşanan məmurlar isə qeyri-neft sektorunun inkişafına ən böyük əngəldirlər. Çünki onlar bu əməlləri ilə cəmiyyətin dövlətə olan etibarına zərbə vururlar. Bəziləri düşünürdü ki, korrupiya ilə mübarizə yalnız qanunsuzluqla məşğul olan yerli icra hakimiyyəti strukturlarını əhatə edəcək. Ancaq Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən son həbslər göstərir ki, korrupsiya ilə mübarizənin sərhədi yoxdur, qanunsuzluq edən hər bir struktur və məmur ifşa olunacaq".

Bahar Rüstəmli