Lalə Niftaliyeva
Ölkə 14:27 17.06.2020

Heç kimin tərbiyə vermədiyi qızın söhbətləri (I)

Lalə Niftalıyeva

Hadisələr keçən zaman ərzində xatirələrə çevrilir. "Çevrilmə" kimi... 

Universitetdə dərs deyib müəllim olursan, ancaq ani bir qərardan sonra jurnalistə çevrilirsən. 

Bir gün də qəfildən özünü alaqaranlıq yarımzirzəmidə əlində 4 bakal pivə hansısa bir küncə şığıyan yerdə görürsən... Demək, indi də ofisianta çevrilibsən?.. 

İndi keçən zamanı ancaq üzümdəki qırışlardan, səhərlər boğazımda yığılıb qalan qətran acısından və dişlərimin daha çox ağrımasından hiss edirəm. Bir də unutduğum xatirələr yadıma salır ki, zaman mövcud deyil, amma sən də çürüməyə məhkumsan. 

Uzaq keçmişdə bir ağıllı sevgilim vardı. Bütün günü mütaliə edir, ilahi həqiqətə, daxilindəki həqiqi məninə çatmağa çalışırdı. Ondan çox şey öyrənirdim. Hər gün səhərdən-axşamacan səmimi olmağın həyatımıza, eqomuza olan gözəl təsirlərindən bəhs edirdi. Mən də bütün səmimiyyətimlə həyatımda olan, gəlib-keçən hər şeydən, hər kəsdən ona danışırdım. Ayrıldığımız zaman məlum oldu ki, mənim bütün o səmimi etiraflarım onun kişilik eqosunu yerlə-bir edibmiş. 

Səmimiyyəti qarşımızdakı insanlardan gözləməklə heç bir mənəvi uğur əldə etmək mümkün deyil. Səmimi olmaq istəyi səni daha çox yalan danışmağa məcbur edir. Yalan danışmaq qəbahət deyil, amma sən bu ritualı təkrar etdikcə özündən o qədər uzaqlaşırsan ki! Yalanlarına çevrilirsən. 

*

Yaşamağı hər kəs individual dərk edir. Bəzənsə dərk etdiyimizi qəbul edə bilmirik. İnsanlar köklərinin hardan gəldiyini hər zaman sübut etməyə çalışan kosmik toz yığınıdır. Uzun zaman "həqiqətlərin” sənin şüuraltını necə formalaşdırmasını, bütün yaşadıqlarının və ya yaşatdıqlarının sənin yox, onların istədiyi kimi olduğunu bilmək çox diksindirici, çox vahiməlidir. İtirdiyin şey sənin şəxsiyyətindir və bu şəxsiyyət ASAN Xidmətdə bərpa edilə bilmir. 

Yenidən həqiqət və ədalət anlayışı olan şəxsiyyət formalaşdırmaq isə olduqca təhlükəlidir. Çünki bu şəxsiyyət həm cəmiyyət anlayışını, həm ailəvi dəyərlər kodunu itirib. Artıq heç bir uşaqlıq və yeniyetməlik xatirəsi onu həyəcanlandırmır. Artıq dünya sən istəyirsən deyə mövcuddur. Hər an ölümlülərlə yaşadığın bu dünyadan qopacağını və bəlkə də artıq qopduğunu düşünürsən. Bütün dünyadan bağını qoparıb, sadəcə təslim olmaq isə sahib olduğun şəxsiyyəti itirməkdir. Bundan ağır itki varmı?

*

Cəmiyyətin mənə verdiyi yox, yüklədiyi şəxsiyyətdən imtina etdiyim gündən yaşadıqlarıma əsaslanaraq, sizə "şəxsiyyətsiz olmağın” üstünlüklərindən danışmaq istəyirəm. Məsələn, bir üstünlük odur ki, mən artıq yalan danışmıram. Elə yalan danışmadığıma görə də bundan sonrakı yazılarımda qarşılaşacağınız heç bir hadisə və şəxsiyyət uydurma olmayacaq. Uzaqdan-yaxından tanıdığınız insanlarla mənim yazımda və mənim təqdimatımda rastlaşanda təəccüblənməyin. Gəlin, birlikdə əylənək, mənim əziz dovşanlarım!..