Sənət 13:27 28.08.2018

Hekayə və hekayəçilik

Gənc yazıçı Həmid Piriyevin hekayələrini izləyərkən

AZAD QARADƏRƏLİ

Dünya hekayəçiləri sırasına nəzər salsaq, burda tünlük olduğunu görərik. Amma bu tünlükdə önə çıxanlar elə də çox deyil: Mopassan, Ohenri, Çexov... (Bizdən bu dəstəyə Mirzə Cəlil düşə bilər, əlbəttə özümüz siyahı tutsaq...) Çox gücənsək, bu siyahını  bəlkə ona qədər çatdıra bilərik. Hətta 2013-cü ilin hekayə üzrə Nobel ödülçüsü, Kanada yazıçısı Alisa Monro çətin ki, bu onluqda yer ala bilsin. Ədəbiyyat tarixi çox amansızdır. Dünənin oxunan yazıçısı on il keçməmiş, unudulur. Amma Turgenevi tək "Mumu”ya görə milyonlarla adam yadında saxlayır gözəl hekayə ustası kimi...

"Mumu” demişkən, uşaqlıq və yeniyetməlik çağlarımda məni iki hekayə daha çox yaralayıb: biri həmin bu "Mumu”, biri isə elə də güclü nasir kimi tanımadığımız Abdulla Şaiqin "Məktub yetişmədi” hekayəsi. Uzun illər o hekayədəki situasiya yadıma düşəndə ağlamışdım...

... İlk hekayələrimi ali məktəb müəllimim İsmayıl Şıxlı, daha ciddilərini isə Sabir Əhmədli oxumuşdu. İsmayıl müəllim üstünə qəribə sözlər yazmışdı. ("...Adamı gövrək hisslər bürüyür...” və sair. Bu barədə bir dəfə yazmışam, təkrarçılıq etmək istəmirəm.) O sözlərdən ürəklənib daha yaxşı yazmağa çalışdım. Sabir Əhmədli isə cəmi iki il sonra bir hekayəmi "Ədəbiyyat və incəsənət”də dərc etdi. Yəni, səni oxuyanın kimliyi də mühümdür. 

"Yazı”da gəncləri çox çap etmişəm. İçində 100-lük şkalanın 50-dən aşağısı olmayıb. Ən azı 50+1 olanını vermişəm və ümid etmişəm ki, o, gələcəkdə daha yaxşısını yazacaq. Açığı, belələrindən hələ də gümanımı doğrultmayanlar var. Doğruldanlar isə həm özlərini təsdiq etməyə yönəlik yazılarını yazmış, həm də məni sevindirmişlər. Belə gənclərdən biri Həmid Piriyevdir. 

Dərginin ilk saylarından etibarən bu gənc mənimlə yazışır, yazılarını göndərirdi. Hələ özünün belə nə istədiyini bilməyən bu oğlanın cümlələrində bir yapışıqlılıq vardı. Yazdıqları mənim istədiyim mərtəbədə olmasa da, sıfır da deyildi. Özü də gah şeir, gah hekayə göndərirdi. İlk çap etdiyimiz şeir oldu. Amma mən bunu avans kimi çap etdim. Həmidə isə yazdım ki, şeirini çap etsəm də, sənin hekayəyə qayıdacağına, haçansa yaxşı hekayələr yazacağına inanıram. Sənin sağın-solun ədəbi qəhrəmanlarla doludur. Pirşağanın bənnası, süd satanı, alkaşı, meyxanaçısı  sənin dost-doğmaca obrazlarındır. Onlardan yaz. İnan ki, alınacaq...

Hətta ilk çap etdiyim  hekayəsi  ("Mənim dostum yoxdur”) zəif olsa da, can, qan vardı orda. (Bu can-qan kəlmələrini elə belə yazmadım. Hekayə var ki, ilk abzasdan qondarma və qurama olduğu bilinir. Yəni həyatla əlaqəsi yoxdu, bu heç, onu qondaranın özünün də canı-qanı yoxdur. "Kəssən, qanamaz” burda deyiblər.)  

2013-cü ildir. "Yazı”nın 6-cı sayında onun hekayəsi çıxıb. Hələ oxucular Həmid Piri adlı gəncin (biz onu o vaxt belə imza ilə çap etmişdik) varlığından xəbərsizdir. Amma Həmid ədəbiyyata gəlirdi artıq... 

Bu ilk hekayəni niyə xatırladım? Çünki özündən, meyxanaçı sinif yoldaşlarından və onu ilk dəfə öpən qızdan yazmışdı... Bax, dediyim can-qan məsələsi bu idi!..

Gün gəldi ki, Həmid poçtuma daha bir hekayə göndərdi və oxuyan kimi sevincək yazdım ki, oldu bu iş! Tam mən deyən deyildisə də, hər halda bu, hekayə idi. Sonra üçüncüsü, dördüncüsü...  Həmid adlı bir yazıçı doğulurdu artıq...
***
Bir gün Həmid ilk kitabını buraxdı və bu əlavə bir hünər, cəsarət demək idi. İlk kitab artıq öz mənini ortaya qoymaq demək. Mən ölkədə olmadığımdan o tədbirdə iştirak edə bilmədim.

İkinci kitabının  - "Sərçələr üçün poema”nın təqdimatında nəinki iştirak etdim, hətta əsasən özü kimi gənclər olan dinləyicilər üçün Həmidin hekayəçiliyindən söz də açdım. Təxminən bunları demişdim:”Həmid hekayəni yazmır, danışır. Məsələn belə:

"Heybət, ay Heybət...”

"Hay, kimdi?”

Səsin dalınca qapıdan Heybətin başı çıxdı.”

Həmid o detaldakı kimi situatsiyanı göstərə-göstərə danışır.  Həm də onun danışdıqları qeyri-adi hadisə-filan deyil, adi adamların adi gündəlik həyatıdır. 

"Sərçələr üçün poema”da Mirzə şeir yazır. Amma şairlik iddiasında-zadda deyil. Sadəcə, bu işə həyatının əlavəsi, bir naxışı kimi baxır. 

Mirzəni ağrıdan odur ki, əvvəlki otlar indi çıxmır, başqası çıxır onların yerinə. Heç əvvəlki quşlar da yoxdu – sığırçınları qaratoyuqlar əvəz edib... Və günün ən uğurlu hadisəsi şor balıqlı südlü aş yeməyi də ona ayrıca ləzzət verir. İstədiyi qar isə gecə yağır və ardınca da bir sərçə uçub Mirzənin pəncərəsinə gəlir. O da bu qəribə qarın gətirdiyi qəribə sərçəyə baxa-baxa özünün son əsəri olan "Sərçələr üçün poema”nı yazır...

Bax belə: sadə və təmiz bir dünya. Elə qarın özü kimi...

Qar demişkən, Həmid fransız yazarı Maksans Ferminin "Qar” adlı miniatür romanını dilimizə çevirib və kitab kimi buraxdırıb. Orda da belə sətirlər var:”Qar şeirdi. Gözqamaşdırıcı bəyazlıqda şeir...”

Həmid indi böyük entuziazmla  tərcümə işinə girişib. Dünyaca məşhur yazıçıların əsərlərini dilimizə çevirir. Məncə, bu onun təhsillə bağlı probleminin həllinə də kömək edəcək – ali məktəbi bitirməkçün auditoriyada şalvar yırtmaq əsas deyil, əsas odur ki, o ali təhsilin məğzinə varasan. Məncə, Həmid burda da düz yol tutub. Ən böyük təhsil, elə oxumaq, öyrənməkdir, kitabdır, elmdir... Ən böyük müəllim də kitabdır...

Həmidin hekayələrində iki şey mənə yapışmadı:

1.Hekayələrində şivə sözləri və yad sözlərdən müəllifin dilindən istifadə: "gavar”, "mitbax”, "peç” kimi sözlər bu qəbildəndir.

2.Hər hekayənin özünün dinamikası, təhkiyəsi olmalıdır – Həmiddə bütün hekayələr birtəxlidir.

Burda böyük hekayə ustası A.Çexovun qeyd dəftərindən bir cümləni misal gətirmək istərdim:”Sofiyadan alma iyi gəldiyinə görə İvanın ondan zəhləsi gedirdi” – bir hekayə gücündə olan bu kimi detallar hekayəyə əlavə güc verir. İstərdim Həmidin hekayələrində belə detallar çox olsun. Necə ki var elə. Qocalıb əldən düşən, yuxu ilə reallığı qarışdıran Püstəxanım qarı göyərçinə deyir:”Mən də sizdənəm... amma  uça bilmirəm. Qanadlarım ağrıyır...”

Və sonda: on il sonra Həmid Azərbaycan nəsrinin ən öncül yazarlarından olacaq. Buna inanıram. Zatən, inanmasaydım, bir belə sözü-söhbəti bura çıxarmazdım.

08.08.2018