Sağlamlıq 15:34 24.05.2019

Həkim-kosmetoloq reklamlarına aldanmayın - TƏHLÜKƏ

Son zamanlar "ən pullu" sahələrdən biri də kosmetologiyadır. 

Tibb Univestitetini bitirən-bitirməyən, kursa gedən, kiminsə əlinə baxıb öyrənənlərin hamısı axışıb bu sahəyə. Nə var-nə var, pul qazansın. 

Ancaq nəticədə insanlara xeyirdən çox ziyanları dəyir. Tək maddi yox, həm də mənəvi. 

Ən çox da "Facebook", "Instagram" kimi sosial şəbəkələr üzərindən öz reklamlarını quran bu "həkim"lərin insanların səhhətində nə qədər problem yaratdığını yayılan xəbərlər, yazılan şərhlər və "qurban"ları olmuş tanış-tunuş sayəsində xəbər tuturuq. 

Məsələ ilə bağlı Tibb Universiteti məzunu olan həkim-kosmetoloqların fikirlərini öyrəndik. Onlar Qaynarinfo-ya açıqlamada "saxta kosmetoloq"ların insanların səhhəti üçün yaratdıqları fəsadlardan bəhs ediblər. 

Həkim-kosmetoloq Fidan Məhərrəmova: "Təbii ki, olmaz. Mən özüm Azərbaycan Tibb Universitetini bitirməyimə, nə qədər seminarlarda iştirak etməyimə baxmayaraq bəzi prosedurları etməzdən öncə düşünürəm ki, edim-etməyim, bunun fəsadı nə ola bilər? Tutaq ki, dolğu aparırıq. O iynəni üzə vurarkən damara düşə bilər, nekroz verə bilər, dəri çürüyə bilər. Hər cür fəsadı var. Onu düşünməmiş etməyə mən ancaq cahil cəsarəti adı verirəm. İnsanın, üzün anatomiyasını bilməyən, damarların, sinirlərin yerini bilməyən adam üçün fərqi yoxdu fəsadı nə olar, nə olmaz. Mənə elə gəlir ki, bunları düşünmədən edirlər. 
 


Ətrafımda olan kosmetoloqlar həkimlərdir. Bir proseduru edəndə 100 dəfə düşünürük ki, görək hansı fəsadları nə ola bilər. Hətta hansısa proseduru birinci dəfə edəndə əvvəlcədən pasiyentə deyirik. Seminarına getmişəm, öyrənmişəm, ama bu proseduru ilk dəfədir edirəm və s. Ancaq belə adamlar nə düşünürlər bilmirəm. Bunlar üçün insan orqanizminə yaranacaq fəsadın fərqi yoxdur. Əsas pul qazanmaqdır". 

Həkim-kosmetoloq Təranə Seyidova: "Mən və bacım Səbinə xanım Tibb Universiteti məzunuyuq, bir çox seminarda iştirak etmişik, ancaq yenə də həyəcanla işləyirik. Hər hansısa bir prosedurun problem yaratmasından ehtiyat edirik. Bəzən kimdəsə fəsadlar ortaya çıxır. Bu normal haldır. Ancaq onu aradan qaldırmaq üçün tədbirlər görürük, öncədən pasiyentləri məlumatlandırırıq. Bunun məsuliyyətini daşıyırıq. 
 


Bizim də yanımızda işləyən qızlar çoxdur. Prosedurlarda bizə pambıq, iynə verən, köməklik edənlər var. Onların da əksəriyyəti halallıqla çalışanlardır. Eləsi də var ayrılıb gedir, özü üçün yer açır. Tibb Universitetini bitirmədən özünü doktor kimi təqdim edir. Belə şeyi boynuna götürmək böyük məsuliyyət tələb edir. Şəxsən mən çox qorxuram. Universitet bitirməsəm və təcrübəm olmasaydı, bu sahədən çox ehtiyat edərdim. Çünki bu sahədə çox ehtiyatlı olmaq lazımdır. Zarafat iş deyil. Buna oyuncaq kimi baxmaq olmaz. 

Tatu silmək, saç bəzəmək kosmetologiya deyil. Kosmetologiya özü tibbin bir sahəsidir. Özlərini həkim adlandırıb pasiyent yığırlar. Bunlar xoşagəlməz hallardır. Mən həmişə demişəm ki, Tibb Universitetini bitirməyən bu sahədə olmamalıdır. Masajist kimi çalışa bilərlər, yüngül prosedur olan üzün "çistka"sını edə bilərlər, müəyyən aparatla edilən prosedurlar etmək olar. Ancaq bütün kosmetologiyanı bilmədən, heç olmasa özlərini həkim adlandırmasınlar. Özlərini reklamlar hesabına şişirdib, qiymətləri 5 manat aşağı yazıb pasiyent yığmaq, ağır prosedurlar altına girmək çox gülüncdür".

Röya Kərimli
Qaynarinfo