Sənət 16:33 24.01.2018

Ömər Xəyyam: "Ola bilər ki, günün birində homoseksual olum" (MÜSAHİBƏ)

Bir layihə üçün Ömərdən açıqlama almağa iş yerinə getdim. Sonra düşündüm ki, gəlmişkən müsahibə də alım. Ömər Xəyyamı müşahidə edən bir adam kimi deyə bilərəm ki, bu vecsiz görünən adam çox əzab çəkir. 

Qaynarinfo Ömər Xəyyamla müsahibəsini təqdim edir:

- Yaradıcı insanlarla müsahibəyə getdiyimiz vaxt, çalışırıq onlara ən qeyri-adi, ən maraqlı sualı verək. Gəl bu dəfə bir az fərqli yanaşaq. Sənin özünə verəcəyin ən qeyri-adi sual nədir?
- Özümə verəcəyim sualım yoxdur. Sual bu olsun ki, niyə özümə verəcəyim sualım yoxdur? Doğurdan, insanın özünə sual verməyi maraqlıdır. Bu daha çox planlı yaşayan insanlara aiddir. Bilmirəm bu eqoizimdir, ya nədir.
 
Uzun müddətdir hekayə yazmırsan. Hekayələrin yerini köşələrin tutur. Niyə fasilə elan etmisən?
- Köşə də əslində yaradıcılıqdır. Yeni bir povestə başlamışam. Uzanmağının səbəbi də odur ki, bəzi yerləri xoşuma gəlmədi və onu silib yenidən davam edirəm. Mart ayına yekunlaşacaq. İŞİD-lə bağlı povestdir.
 
"Bilmək olmaz, mən özüm də İŞİD-in içindəyəm, ya yox" 

- İŞİD-in içində olmadan onlar haqqında yazmaq çətin deyil?
- Sənətkar edam hökmlü məhkumun son gününü yazıb məhkum olmadan. Bunun üçün İŞİD-in fiziki mənada içində olmaq yox, təfəkkürən, ideoloji olaraq içinə girmək lazımdır. Proses elədir ki, bir nəfər onlara üzv olur və sonra Azərbaycana geri dönür. Bir az Herman Hessenin "Siddharta"sından təsirlənmişəm. Həm də bilmək olmaz, mən özüm də İŞİD-in içindəyəm, ya yox. 
 
- Bu oxucular üçün maraqlı olmasa da, qeyd edim ki, mən Xəyyamı yaxşı tanıyıram. Müsahibələrinin birində ikinci əl geyimlər geyindiyini qeyd etmişdin. Hətta yadıma gəlir ki, o sözünü müsahibənin başlığına çıxarmışdılar. Amma mən tanıdığım Xəyyam daha yaxşı və bahalı geyinməyə çox üstünlük verir. Niyə publikaya bu qədər oynayırsan?
- İkinci əl geyimlər dəfələrlə geyinmişəm, xoşuma gələn bir şey olduğu zaman ordan da alış-veriş edirəm. Lakin düz deyirsən, mən yaxşı geyinməyi, "Mol"larda gəzməyi çox xoşlayıram. Bu bəlkə də, qadın xarakterinə yaxındır. Mən şoppinqi çox xoşlayıram. Bununla stress atıram. Lakin bundan da o zaman zövq alıram ki, tək olum. Kimsə məndən xahiş edəndə onunla birgə paltar almağa gedim, həmin vaxt çalışıram, o adama ən pis paltarları seçim. Ona görə də tək şoppinq etmək mənim üçün daha xoşdur. Bəzən olub ki, paltar almağa pulum olmayıb. Gedib paltarı seçmişəm, paltardəyişmə otağında geyinib güzgüdə özümə baxmışam və soyunub qoymuşam yerinə, bu, mənə çox zövq verir.
 
"Bir qadınla da yaşamışam, oğlanla da..."
 
- Niyə özünə bu qədər vurğunsan?
- Hə, elədir. Mən narsistəm. Bütün xüsusiyyətlərimi sevirəm. Bəyənmədiyim yoxdur. Bəzən isə çoxbilmiş olmağım məni depressiyaya salır. İnsanları əvvəlcədən tanıyaram. Onlara şans verirəm. Lakin hiss etdiyim məqamlarla üzləşdiyim vaxt sarsılıram. Lakin əvvəlcədən belə olacağını da bilirəm. Bircə bu xüsusiyyətimi bəyənmirəm. Ümumiyyətlə, mən yaxşı insanam.

- Deyirlər, yaradıcı insanlar evləndiyi vaxt məişətə qarışır və yaradıcılıqları əvvəlki kimi olmur. Yeni ailə qurmuş biri olaraq, buna necə münasibət bildirə bilərsən?
- Hələ ki, mən bunu hiss etmirəm. Bəlkə də, hansısa prosesdən sonra bu baş verə bilər. Tolstoyun 12 uşağı var idi. Amma o ədəbiyyatın Allahıdır. Mənə elə gəlir ki, bu xarakter məsələsidir. Mən heç vaxt məişətə qarışıb yaşayan biri olmayacam. Evlənməmişdən əvvəl də kirayədə qalmışam. Bir qadınla da yaşamışam, oğlanla da. Lakin heç vaxt məişət insanı ola bilmirəm. Hətta ailə qurmağım mənə daha çox sərf edir. Əvvəllər qabları, paltarları özüm yuyur, ütlüyürdüm. İndi bazarlıq, ev işləri, yemək hazırlamaq bunları həyat yoldaşım etdiyi üçün ədəbiyyatla məşğul olmağa daha çox vaxtım qalır. Düşünürəm ki, bu tənbəl adamların uydurduğu bir şeydir. Həyatım düzənsiz olduğundan yaxşı işləyə bilmirdim.
 
"Publikaya oynayıram, insanları qıcıqlandırıram. Təbii ki, əcəb edirəm"

- Xəyyam, gənc yazıçıları yıxıb-sürüyürsən ki, çox bəsit mövzulardan yazırlar. Bəşəri heç bir mövzuya toxuna bilmirlər. Bəs oxucular səni niyə oxumalıdır, sənin onlardan fərqin varmı?
- Gənc yazıçıları bəyənmirəm? Bu, bir az eqoistlik kimi çıxır. Amma oxucu kimi doğrudan da, bəyənmirəm. O yazıçılarla oturub söhbət də edə bilərəm. Əminəm ki, onların heç biri məndən çox mütaliə etməyiblər. Tez-tez qarşıma yeni çıxan kitabların təqdimatları çıxır. Bu yaxşı bir şeydir, əslində. Ən azından adamlar buna cəhd edirlər. Lakin məqsəd birbaşa sənət deyilsə, bu uğurlu olmayacaq və yarıda bitəcək. Ölkədə bir "gənc yazar" sindromu yaranıb. Bunların sayı çoxdur və özümü onlardan saymıram. Mən ədəbiyyatda sosial şəbəkədə göründüyüm kimi deyiləm. Ona görə də haqqımda yalnış düşünənləri sözün yaxşı mənasında pərt eləməyi bacarmışam. Statuslarımda eqoist və başqa bir insan kimi görünürəm. Çünki mən publikaya oynayıram. İnsanları qıcıqlandırıram. Təbii ki, əcəb edirəm. Lakin hekayələrimdə, yaradıcılığımda bunları müşahidə edə bilməzsiniz. Yazılarımda heç kəs publikaya oynadığımı və bunun kimi bir şey müşahidə edə bilməz. Oxucunu qoyaq bir tərəfə, ən azından belə bir şey etsəm, özümə xəyanət etmiş olaram. Məqsədim birbaşa sənətdir. Digərlərinin məqsədində nanəciblik və xəyanəti hiss edirəm. İlk cümlədən bunu anlaya bilirəm. Lakin məni də oxuyun demirəm. Bu, bədii zövqdür. Mənim o qədər sevib, zövq aldığım yazıçılar var ki, onları hamı oxuyub, eyni zövqü almaya bilər.

- Son zamanlar şeiri çox mənasız hesab edirsən. Lakin özün də yaradıcılğa şeirlə başlamısan...
- Qan Turalı "Kulis"də işlədiyi vaxt ona demişdim ki, şeirlərimi silsin. O da sağ olsun, silmədi. Yaradıcılığa, ədəbiyyata yox, amma "Facebook"a "şeir”lə gəlmişəm və onları da şeir hesab etmirəm. Xoşladığım şeirləri götürüb onları imitasiya edirdim. Lakin sevilirdi. O vaxtla "Facebook"da 70 bəyəni, indinin 400 bəyənisinə bərabər idi. Buna necə nail olurdum. Hər kəsə inboksda öz şeirlərimi göndərib onların fikirlərinin mənim üçün önəmli olduğunu deyirdim. Bəlkə də, indi o adamların çoxu heç "Facebook"da yoxdur. Özümü satırdım, bir növ. Zamanla bu alındı. Həmin dövrdə zatən, musiqi ilə məşğul olurdum. Lakin özümü musiqi ilə ifadə edə bilmirdim. Şeir isə tanınmaq üçün ən asan yol idi. Həmin vaxt hekayə də yazırdım. "Fərqanə" adlı bir hekayəm var idi. Lakin o çox böyük olduğu üçün onu adamlara göndərə bilmirdim. İçimdə bir enerji var idi. İstəyirdim hər kəs məni görsün. Öz "piar"ımı özüm qura bildim. Heç kimdən kömək almamışam.
 
"Ola bilər ki, günün birində homoseksual olum"

- Yaxşı səsin var. Özün də pul qazanmağa meyilli adamsan. Niyə şou biznes yox, ədəbiyyat?
- Özümü bir müddət klassik estrada və muğamla ifadə etdim. Alim Qasımov, Zabit Nəbizadənin dərslərində iştirak etmişəm. Sonra baxdım ki, içimdəki enerji yarımçıq qalır və bu natamamlıqla davam edə bilmədim. Sonra başladım yaşadığım  xatirələri yazmağa. Atamı itirəndən sonra onunla bağlı xatirələrimi qələmə aldım və bu məni çox rahatladırdı. Özümü ədəbiyyatla ifadə etmək mənə hüzur verir. Amma ola bilər ki, gələckdə başqa bir sahə ilə özümü ifadə edim. Taksi sürücüsü və ya pinəçi olaram, bu mənə özümü ifadə etmək üçün daha rahat gələr. Ədəbiyyatda təbii ki, pul yoxdur. Mən başqa vasitələrlə pul qazanmağı yaxşı bacarıram. Bu yaxınlarda aliminum satmışam. Ordan yaxşı pul qazandım. Bir qohumumun həyətində böyük aliminium çən var idi. Bunu nə üçün saxladığını soruşdum. Dedi ki, heç nəyə yaramır, eləcə qalıb orda. Mən də onu satıb pula çevirdim. Bir də istədiyim vaxt musiqiyə qayıda bilərəm. Hətta Damladan və ya qeyrilərindən daha məşhur olaram. Amma hələ ki, ədəbiyyat mənim üçün yaxşıdır. Özümü axtarışda hesab edirəm. Ola bilər ki, günün birində homoseksual olum. İçimdə olan enerjinin arxasınca gedirəm. Əminəm ki, o məni həqiqətə aparacaq.

- İstəyərdin ki, sən atan haqda danışdığın kimi, oğlun da sənin haqda gələcəkdə danışsın?
-  Bu artıq mümkün deyil. Çünki mənim ləkəli bir keçmişim var. Kimlərsə mənim haqqımda oğluma pis nələrsə deyəcək. Çünki sevilən adam deyiləm. İnsanların haqqımda pis təəssüratları var. Kiminlə dost olmuşamsa, əvvəllər mütləq məndən zəhləsi gedib. Dəqiq bilirəm ki, oğlum mənim haqqımda yazılan pis şeyləri görəcək. Mənim isə belə bir şansım yox idi. Atam isə Allah kimi idi...

- Xəyallarının qadını kimdir?
- O qadın haqda sadəcə müəyyən təsəvvürüm var: Anama oxşamır, qohumlarımdan heç birinə bənzəmir. Onun əndamını görürəm, ətrini duyuram, düşüncələrini bilirəm. Lakin ona toxuna bilmərəm. Elə bilirəm toxunsam, dağılacaq. Ona görə də, təsəvvürünü yaratmışam və arxasınca getməməyi düşünürəm. Çatdığın vaxt bir şey olur, başqa şeylər tamamlanmır. Bəzən onu tapdığımı düşünmüşəm. Sevgili olduğum vaxt görürəm ki, yox bu o deyil. İçimdə qoruyuram və onunla rastlaşmaq istəmirəm. Arxasınca getmək isə… Bu, təsəllidir. Təsəlli deyəndə ki, guya onun axtarışındayam və bu bəhanə ilə başqa qadınlarla tanış oluram. 
 
Lalə Niftaliyeva