Ölkə 17:47 31.10.2020

Hərbi ekspert ermənilərin Xocavəndə gətirdiyi fosfordan danışdı

"Düşünürəm ki, Azərbaycan dövləti bunun qarşısını almaq üçün tədbirlər görəcək".


Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatından danışarkən deyib. Ekspertin sözlərinə görə, bu silah kimyəvi maddədir:


"Bunu istəlinən silahların döyüş başlıqlarına və silahların tərkiblərinə də əlavə edirlər. Həddindən artıq ziyanlı və kimyəvi tərkiblidir".

 



Ramil Məmmədli qeyd edib ki, Ermənistan ilk gündən qadağan olunmuş silahlardan istifadə edir:


"Ermənistan müharibə başlayan gündən beynəlxalq konvensiyada qadağan olunmuş silahlardan, kasetli bombalardan Azərbaycanın dinc sakinlərinə qarşı istifadə edir. Bu, birinci hal deyil. Cinayətkar Ermənistan hakimiyyəti müharibədə üstünlük qazanmaq üçün, yaxud da əks tərəfin mülki insanlarına ziyan vurmaq üçün bütün vasitələrdən istifadə edir".


Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi işğal altında olan Xocavənd istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə kəşfiyyat məlumatı daxil olduğunu bildirib.

 

Bahar Rüstəmli