Nazlı Ağayeva
Ölkə 09:28 04.03.2020

Hərənin çiynində öz cənazəsi...

Nazlı Ağayeva

Yeniyetmə vaxtımda atam Bakıya göndərmişdi məni. Qardaşım avtovağzalda qarşılayacaqdı. Yolda avtobus yoxuşu çıxa bilməyib geri axdı. Sürücü salondan xahiş etdi ki, əngəllilərdən savayı hamı salonu boşaltsın. Sərnişinlər çölün xoş olmayan ab-havasına baxıb sürücüyə şansını bir az da yoxlamağı tövsiyyə etdilər. Dəfələrlə ağır maşına qaz verib yoxuşu aşa bilməyən yaşlı adam əlinin dalıyla alnının tərini siləndə qalxıb qapıya sarı getdim. Cantaraq sürücü birdən boy-buxunu özünün oturmuş vəziyyətindəki qırx kiloluq məni görüb necə şaqqanaq çəkdisə yerimdə donub qaldım. Salondakılar da ona qoşulub bərkdən gülə-gülə yanımdan rahatca keçərək yerə düşdülər. Yalnız sürücü baş barmağını qaldırıb razılığını bildirəndə harda və niyə olduğumun fərqinə vardım. 

Uşaqlıqdan canımda qəribə hiss var. Özümü olub-bitən hər şeydə günahkar, həyatımdan gəlib-keçən hər kəsin qarşısında cavabdeh hiss etmək kimi bir şey... Eynən anam kimi. Sadəcə "günahlarımız” fərqlidi və onun tərzi daha rahat, öhdəlikləri daha sadə idi.

Seçki barədəki özəl təəssüratım xırda köşələrə sığmaz deyə üzümü çevirib getdim. Özəl ona görə ki, bu dəfə başıma gələnlər yerlə-göy qədər fərqli şeylərdi. Duyğulardan ibarət birinin dünyasını başına yıxmaqdı. Ki... özümü səfərbər edib dözdüm. Təbii, həmin günah keçisi olmaq vərdişi də kara gəldi. Hətta "hakimiyyətə işləməyim” barədəki məhəlli qeybətlər bir az da davam etsəydi, ölkədəki bütün seçki satakarlıqlarını könüllü olaraq boynuma götürəcəkdim. Ləğv olunan və olunmayan nəticələrin xəcalətini tək canımla daşımağa məcbur olacaqdım. Yaxşı ki, iddiaçılar yorulub məni öz köhnə günahlarımla baş-başa qoydular. Yoxsa o boyda vicdan əzabından salamat çıxmağa gücüm çatmazdı.

Bacımın ayrılıq yaylığı

Bu günlərdə bacımı itirdik. Ən böyüyümüz idi. Onu evimizdə görməmişdim. Mən körpə ikən gəlin köçmüşdü. Ağlım kəsəndən hər dəfə bizə qonaq gələn yaraşıqlı gəlinə heyran olurdum. Ətirli, ütülü cib dəsmalı qalmışdı bir dəfə bizdə. Xəlvət götürüb öz şeylərimin arasında gizlətmişdim. Xeyli vaxt ən qiymətli əşya kimi əzizləyib qorudum o balaca dəsmalı. Sonralar hardasa unutdum yerini. Evin altını-üstünə çevirdim tapa bilmədim. Yaylıq ayrılıqdır deyə çox üzülmüşdüm onda.  

Böyük qızı ilə az fərq vardı aramızda, rəfiqə sayılırdıq. Baxımlı qadın idi bacım, ailəsini o zaman üçün ideal şəraitdə saxlayırdı. İşi-gücü başından aşan anam artıq yaşlanmışdı, bacımın qızlarına verdiyi qədər səliqə-sahman, bər-bəzək verə bilmirdi mənə. Anamın qabiliyyətli əllərində ilki olan bacım da ətrafdakı bütün uşaqlardan seçilərmiş. Ürəyimin gizli bir yerində qızların ütülü əyin-başlarına, daim "kəpənəkli” saçlarına deyil, onların cavan analarına həsəd aparırdım. Eşitdiklərimdən, gördüklərimdən çox kədərli bir nəticəyə gəlmişdim. Anam yaşlı olduğuna görə tez öləcəkdi. Çox-çox sonralar anamı dişimə tutub özümlə gəzdirməyimin səbəbi həmin o qorxu idimi əcaba? Ki, bir faydası olmadı...

Dəfn edildiyi günün axşamı eynən uşaqlığımızdakı kimi yığışdığımızda bacımın yoxluğundan qaçmaq üçün havadan-sudan danışmağa başladılar. İndi mollalıq edən vaxtilə kəndin ən savadlı müəllimlərindən biri yası iki yüz manata götürürmüş. Bacımın şəhid oğlunun təxminən otuz il əvvəl bitirdiyi məktəbin müəllimi... Bununla heç nə demək istəmirəm. Bizimkilər mollanı onsuz da başqa kənddən gətirmişdilər. Neçə illərdir qəbirüstü səhər səkkizə təyin olunubmuş. Günün ikinci yarısı daha uyğun olmazdımı, deyə soruşanda kimsə qayıtdı ki, günün ikinci yarısında kənddə içkisiz adam tapılmır. İnsanlar dünyanı, ölkəni, şəhəri-kəndi və ən əsası da özlərini ayıq başla çəkə bilmirlər yəqin. İki yüz manatlıq xətm sadəcə adət yerini tutsun deyə icra etdirilir...
*
Həyat işgəncəyə döndükcə ölümə o qədər isnişdik ki, bir azdan cənazələrimizi özümüz daşıyasıyıq. Özümdən sitat gətirmək qədər böyümədim, amma bu yerdə başqa çarə tapmıram:

Hərənin çiynində öz cənazəsi
Çarəsiz dolaşıb gəzir adamlar...

P.S. Mövzu ölüm olanda hər kəsin heç vaxt ölməyəcəkmiş kimi qulağını dartmağı da bir özgə aləmdi. Hər həyat yaşatmadığı kimi hər ölüm də öldürmür. Hansı təyinatla gəlir-gəlsin, rahat olaq...