Ölkə 21:12 22.04.2019

Həştəq paylaşma, həqiqəti paylaş!

Və ya Elinanı udan qara dəlikdən Bakıdakı Notr-Dam kilsəsinədək

Yazmaya bilərdim. Axıradək oxunacağına da şübhə edirəm. Oxuyanların "özünü ağıllı sayır” ittihamından da narahat deyiləm. Düz deyirsiniz, ağlı olan bunları yazmaz...

Kifayət qədər danışdınız, yazdınız, guya ki, Elina üçün susmadınız. Nə oldu, məktəb direktoru barədə tədbir görülməklə hər şey həll olundu? Daha qızlarımız, balalarımız özünü atmayacaq? Kimi aldadırsınız?! Guya bilmirsiniz ki, növbəti potensial qurban sizin öz övladınızdır? Guya bilmirsiniz ki, övladınızın direktoru da Elinanın oxuduğu məktəbin direktoru ilə eyni zehniyyətdədir? Tək-tük istisnalar ümumi mənzərəni dəyişmir, hamısı eyni sistemin quyusundan su içir. Elinanı öldürən o direktor deyildi, üç nazirin dəyişməsi ilə yaxşıya doğru dəyişməyən təhsilin sistemsizliyi idi. Mühafizə sistemindən psixoloq işinə qədər hər küncündə yırtığın, yamağın aşkar göründüyü təhsilin sistemsizliyi (gözəl müəllimlərimiz qaranlıqda çıraqlarımızdır, amma təhsil sistemi tək müəllimlə bitmir). Hətta dərinə getsək, günahkar olan təkcə təhsildə olan sistemsizlik deyil. Guya siz bunları bilmirsiniz? Çox gözəl bilirsiniz! Amma demirsiniz, yazmırsınız. Yooo, qorxmursunuz, sadəcə siz siyasətə qarışmırsınız axı... Yazmayın. Elə isə sizin üçün növbəti həştəq: #.....ÜçünSusma (nöqtələrin yerinə öz övladınızın adını yaza bilərsiniz). 

Elinanı pəncərədən atılmağa məcbur edən onu yaxına buraxmayan, sizin dilinizlə desək, "bullying” edən yoldaşları deyildi. Onlar boşanmış qadına pis baxan, maşın sürən, işləyən qadını qəbul etməyən cəmiyyətin yetişdirdiyi uşaqlardır. Onlar öz valideynlərinin güzgüsüdür. O valideynlərin ki, iş yerinə təzə gələn həmkarları üzərində hegemonluğa sahib olmaq istəyirlər, ətrafda kimsə azacıq büdrəyən kimi dəyənəklə başının üstünü alırlar, vəzifəcə bir addım yuxarı qalxan adam görən kimi dillərini sabunlamağa başlayırlar. Və indi həmin dillərdən "stopbullying” eşidilir...
Sonra fəaliyyəti, strukturu, iş prinsipi ilə yaxından tanış olduğumuz, nailiyyətlərinə öz töhfələrimizi verdiyimiz NASA "qara dəliyin” fotosunu yaydı. Bir müddət əvvəl Stiven Hokinqin ölümü ilə birdən-birə fizik olanlar indi də "qara dəliyin” şəklindən cuşa gəlib astrofizik oldular. Elinanın udan yuxarıda qeyd etdiyim "qara dəliklər”i bağlamaqdansa, Bakının bəzi kəndlərində, bölgələrdə fizika fənnini cəmi bir-iki il keçəndən sonra 7-8-ci siniflərdən çıxarılaraq "qara dəliyə” itələnən qızlarımızın gününə ağlamaqdansa, NASA-nın çəkdiyi qara dəliyin şəklinə şadlıq edirik.

Bir də Notr-Dam kilsəsindəki yanğına şadlıq edənlər var. Birmənalı şəkildə insanlıq anlayışının "i” hərfindən belə xəbəri olmayanlardır. Amma bu yanğını ümumbəşəri faciə kimi qəbul edib, paylaşıb, özünü incəsənət vurğunu kimi göstərməyə çalışanlar, siz kimi aldadırsınız? Bölgələrimizdə yaşı Notr-Dam kilsəsindən də qədim olan, baxımsızlıqdan ot basmış, məhv olmaq təhlükəsinin astanasında olan abidələri demirəm, onlar uzaq olar. Təkcə İçərişəhəri 10 dəqiqə gəzmək kifayətdir ki, məhv edilmiş və məhv edilməkdə olan tarix adamın gözünü "deşsin”. İnciməyin, siz Notr-Dam kilsəsinin yanmasına memarlıq incisinin məhv olmasına görə yox, Parisə növbəti səfərinizdə onun qarşısında selfi çəkdirmək imkanından məhrum olduğunuza görə üzülürsünüz. Əksini iddia edirsinizsə, gəlin, elə bu gündən başlayaq yanmadan məhv olan "notr-damlarımız”ın şəklini paylaşmağa. Yaxşı fikir deyil, hə? Onların qarşısında selfi çəkdirmək qlamur görünmür axı... Səmimi olmaq çox gözəldir...

P.S. Yazılanlarla razılaşmaya bilərsiniz. Mübahisəyə girmək istəyənlərə isə elə indidən bir cavabım var: təki siz doğru olun, bu yazdıqlarım yalan olsun.

Əliağa Şərəfxanlı