Vüsal Bağırlı
İdman 14:30 29.10.2019

Həyət futbolu - gələcəyin həyat məktəbi...

Vüsal Bağırlı

Internetdə axtarış  etdikdə, futbolun müxtəlif növlərinə rast gəlmək olur. Çimərlik futbolu, futzal, futbol fristaylı və sair. Hətta "bataqlıq futbolu”, "stolüstü futbol” adlandırılan  ekstravaqant, ekzotik futbol növləri də var.

Bizim söhbətimizin və yazımızın mövzusu isə, bu ecazkar oyunun daha çox yayılmış və bütün təbəqələr üçün nisbətən əlçatan növü sayılan küçə futbolu barədədir.

Məhəllədə dayanmışam. Təxminən 10-12 yaşlarında olan bir neçə oğlan uşağı, kərpic daşlardan qapı düzəldərək, futbol oyununu imitasiya edirlər. Stajlı azarkeş və həvəskar futbolçu olaraq müşahidə edirəm ki, topla davranışları, ötürmələri, texniki anlayışları kifayət qədər qənaətbəxşdir. 

Budur, qayda pozulur, cərimə zərbəsi yerinə yetirilməlidir. Qapıçı iki nəfərlik canlı sədd qurur. Zərbəni vurmağa hazırlaşan arıq, uzun oğlan geri addımlayaraq, ayaqlarını aralı qoyur və qürurla sinəsini irəli verir. 

"Aha, tapdım. Bu ki,  Ronaldonun duruşudur”- deyirəm.

Uşaqlardan biri cəld reaksiya göstərir:

"Əmi,  o, duruşu oxşada bilər, amma vuruşu yox...” 

Hamı gülür. Fikirləşirəm ki, "yaxşı oynamaqları öz yerində, üstəlik də hazırcavabdırlar”.

"Ronaldo” öz adaşı kimi, əmin, özünədnrazı, şax addımlarla topa yaxınlaşır. Zərbə. Top oyunçulardan birinə dəyir, qapıçının çaşdırır və qapıdan keçir. Qol vuran oğlan formasını çıxarıb önündə tutur və bir hərəkətlə bir andaca "Ronaldonu "Messi”yə çevirir.

Bəli, gələcəyin Messiləri, Ronaldoları, Neymarları məhz bu uşaqların, hər gün tində-bucaqda, küçədə, məhəllədə, gözümüzün qarşısında top qovanların içərisindən çıxmalıdır. 

Ümumiyyətlə, futbol məktəblərində və akademiyalarında uşaq yalnız uzağı  2-3 saat futbolla məşğul olursa, həyət futbolunda balacalar, yeniyetmələr bütün gün boyu, axşama qədər dəri topla təmasda olurlar – bu onların əsas üstünlüyüdür.

Müxtəlif sorğular göstərir ki, məhəllə futbolu gəncləri və yeniyetmələri qələbə hesabı və vurulan qoldan çox emosional oyun prosesinə və idman-əyləncə xüsusiyyətinə görə cəlb edir.

Top ardınca qaçıb və bir- birinə ötürmə edərək, rəqib qapısına qol vurmağa cəhd edən uşaqlarda istər-istəməz fiziki və psixoloji keyfiyyətlər, komanda oyunu koordinasiyası, qarşılıqlı anlaşma hissi meydana gəlir. 

İndiki dövrdə müasir gənclər və yeniyetmələr internetin üstün imkanlarından istifadə edərək Marselo, Zidan, Ronaldinyonun və digər mahir futbol ustadlarının fintlərini, driblinglərini və digər başgicəlləndirən fintlərini "youtub” və digər internet resursları vasitəsi ilə öyrənə bilirlər. Onlar bəzi mürəkkəb elementləri hətta peşəkar futbolçulardan da yaxşı yerinə yetirirlər.

Küçə futbolu dinamik oyundur - burada düşünmə və qərar qəbul etmə qabiliyyətin həmişə rəqibdən bir addım öndə olmalıdır.

Biz uşaq olarkən meydançalar az olduğundan,  balaca bir ərazi tapan kimi,  kiçik daş, kərpic parçasından, ya da öz məktəb çantalarımızdan qapı düzəldir, oranı kiçik bir "Kamp-Nouya” çevirir və rezin topla tozanaq, fırtına qoparardıq...

Küçə futbolunun əsas şüarı belə idi - "Hər yerdə, hər zaman futbol oyna!”

Amma indi parkın və ya həyətin boş, asfaltlanmış hissələri ya avtomobil dayanacağı kimi istifadə olunur, ya da qaraj və başqa bir tikililərlə əhatələnir və futbol oynamaq üçün boş yer qalmır.

Axı futbol dünyasi yalnız böyük çempionatlar, ulduzlar və stadionlarla məhdudlaşmır, daş və çantadan qapıları olan həyət və məktəb stadionlarının da öz dünyası var. 

Dünyada küçə, məhəllə futbolunun inkişafı dövlətin sağlamlıq və idman sahəsində ən prioritet məsələlərdən sayılır. Çünki, bu oyun gənc nəsli zərərli vərdişlərdən, siqaret, narkotik, spirtli içkidən uzaq tutur, uşaqlarda kollektiv şəkildə, birgə səy göstərmək, məqsədə çatmaq vərdişləri öyrədir.
Məsələn, Rusiyada hər il "Həyət komandalarının turniri” adlı geniş miqyaslı yarışı keçirilir. Bu turnirlərə Qazzayev, Yartsev, Syomin kimi futbol mütəxəssisləri dəstək olur, məşhur şirkətlər sponsorluq edirlər. Yerli və xarici futbol ulduzlarının iştirakı ilə xeyriyyə oyunları keçirilir. Turnirdə iştirak edən 150 komandanın tərkibində oynayan 1500-dək futbolçu münsiflər heyətinin ələyindən keçməli olur. Küçə turnirləri keçirməklə təşkilatçılar istedadlı gəncləri tapır, profesional səviyyəyə çatmaq üçün onlara dəstək olurlar.

Braziliyada küçə futbolu həyatın ayrımaz bir parçası, obrazıdır. Küçə futbolu həm əyləncədir, həm dostlarla görüşdür, həm də əsl həyat məktəbidir. Burada məhdud bir sahədə oyunçu topla kreativ davranmağı öyrənir, parlaq texnika, sürət və reaksiya nümayiş etdirir. Kiçik bir ərazidə, yaxın-yaxına mübarizə şəraitində mümkün qədər cəld düşünmək və qərar qəbul etmək, sürətlə qaçmaq tələb olunur. Burada oyunçu topla daha çox təmasda olduğundan, orijinal fikirlər və improvizələr üçün geniş üfüqlər açılır. 

Çili, Meksika, İordaniya, Hollandiya  kimi ölkələrdə də bu oyuna ciddi münasibət göstərilir. Bu ölkələrdə də seleksiya, seçim zamanı yeni istedadların kəşfi üçün geniş miqyaslı turnirlər keçirilir. Oyunu dəstəkləmək üçün məhəllələrdə, yaşayış binalarının həyətində, parklarda və dəniz sahillərində "7-7” formatında qum, süni ot, rezin, asfalt örtüklü meydançalar tikilir. Uşaqlar və yeniyetmələr günün istənilən saatında pulsuz futbolun dadını, ləzzətini çıxarmaq imkanı əldə edirlər.

Təsadüfi deyil ki, bir sıra futbol ulduzlarının (Davids, Roberto Karlos, Rivaldo, Ronaldinyo və sair) istedadı məhz küçə, çimərlik, məhəllə futbolundan üzə çıxmışdır. 

Ölkəmizin etnik-dini, sosial- mədəni, təbii-iqlim  şəraiti bu oyunun inkişafı üçün əlverişli imkanlar yaradır, fəqət məhəllə futboluna mütəxəssis marağı, seleksiya işi, yəni  istedadlı oyunçuların axtarılması və seçimi demək olar ki, yox səviyyəsindədir. Həyətlərdə, məhəllələrdə meydançalar tikilmir, bütün təbəqədən olan insanların marağından, bu oyunun kütləviliyindən düzgün, səmərəli istifadə olumur.

Həyət futboluna daim diqqət yetirilməlidir, çünki bu həm də bir həyat məktəbidir. Oyun uşaqlara fiziki və texniki keyfiyyətlər, iradə, xarakter, liderlik hiss aşılayır.