Dünya 13:38 15.10.2018

Hokinqin sonuncu xəbərdarlığı: "Super insanlar" digərlərini məhv edəcək

Mart ayında vəfat etmiş dünya şöhrətli fizik Stiven Hokinq sonuncu təxminlərində "super insan" layihəsinin təhlükəsindən söz açıb.

Qaynarinfo News.com-a istinadən xəbər verir ki, fizikin təxmininə görə, genetika elminin inkişafı gələcəkdə DNT-si dəyişdirilmiş "super insanlar"ın yaranması ilə nəticələnəcək və bu canlılar dünyadakı digər insanların məhvinə səbəb olacaq:
"Əminəm ki, bu əsrdə insanın intellektual və instiktiv tərəflərinə müdaxilə etmək mümkün olacaq. Qanunlar bu prosesin əleyhinə olsa da, bəziləri, xüsusilə varlılar insan xarakteri, yaddaşı, ömrünü uzatmaq üçün çalışacaq. Siyasi problemlərə səbəb olacaq bu proses genetik cəhətdən daha güclü olan varlıların adi insanlarla mübarizəsinə gətirib çıxaracaq.  Əgər insan irqi özünü yaratmağa nail ola bilsə, digər planetlərdə yaşamaq və koloniya salmaq daha real olacaq".

Bildirilir ki, genetikası dəyişdirilmiş insanların yaranması dizayn edilmiş uşaqların doğulmasına səbəb olacaq. Gələcəkdə valideynlərin öz övladlarının boyunu, gücünü ağlını və s. xüsusiyyətlərini seçmək imkanı olacaq. 2016-cı ildə isveçli alim insan embrionuna müdaxilə etmək üçün nəzərdə tutulan metodu sınaqdan keçirib. 

Ötən illərdə Stiven Hokinq süni intellekt təhlükəsi barədə xəbərdarlıq etmişdi. O, açıqlamalarında süni intellekti insanın əldə etdiyi ən yaxşı və ən pis şey adlandıraraq canlıların məhvinə səbəb ola biləcəyini demişdi.

Gülşən