ABŞ-da aralarında məşhur şəxslərin də olduğu 50 nəfər saxlanılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, onlar övladlarını ölkənin prestijli universitetlərinə qəbul etdirmək üçün milyonlarla rüşvət verməkdə ittiham olunurlar.

Adı keçən şəxslər arasında tanınmış biznesmenlərlə yanaşı Hollivud ulduzları Felisiti HaffmanLori Loklin də var.

Boston əyalətinin federal prokurorları təhsil sahəsində ABŞ tarixinin ən böyük saxtakarlığını üzə çıxartdıqlarını söyləyiblər. Prokurorların sözlərinə görə, həmin şəxslər övladlarını prestijli universitetlərə qəbul etdirmək üçün Uilyam Rik Singerin sahibi olduğu məsləhət şirkətinə 25 milyon dollar rüşvət verməkdə ittiham olunurlar. Şirkətin saxta xeyriyyə fonduna bir tələbə üçün 100 min dollar ilə 2,5 milyon dollar arasında pul köçürüldüyü bildirilir.

Prokuror Edryu Lellinq keçirdiyi mətbuat konfransında bildirib ki, rüşvətlə universitetə qəbul olan hər tələbəyə görə, həqiqətən istedadlı bir tələbə kənarda qalıb. Onların fikrincə məsləhətçi şirkət universitetlərə qəbul imtahanlarını keçirən şəxslərə rüşvət verərək, onların yerinə imtahana başqa adamları salıb.

Həmçinin məktəblərin idman müəllimləri də idmançı olmayan tələbələrin ali məktəblərə qəbul olmaları üçün rüşvət alaraq saxta rəylər hazırlayıblar. Məhkəmə məlumatlarına görə, Singer çirkli pulların yuyulması, hədələmə və ədalətin bərqərar olunmasına mane olduğu üçün həbs oluna bilər.

Araşdırmaların davam etdiyi bildirilir və saxtakarlıqda ittiham olunan şəxslərin sayının artacağı ehtimal olunur.