Ekonomiks 15:33 17.04.2018

Huawei şirkətinin illik hesabatı: 2017-ci ildə xalis mənfəət 28,1 faiz artaraq 7,3 mlrd. dollar təşkil edib

Bu gün Huawei 2017-ci il üzrə təsdiqlənmiş maliyyə nəticələrini açıqlayaraq, biznesdə əhəmiyyətli artım barədə bildirdi. 2017-ci ildə şirkətin xalis mənfəəti 28,1 faiz artımla 47,5 mlrd. yuan (7,3 mlrd. ABŞ dolları) olmuşdur. 

Hesabatda şirkətin ümumi illik gəlirinin 2016-cı ilə nisbətən 15,7% artaraq 603,6 mlrd. yuan (ilin sonuna mübadilə məzənnəsinə əsasən 92,5 mlrd. ABŞ dolları) təşkil etdiyi qeyd olunur. 2017-ci ildə Huawei şirkətinin tədqiqat və işləmələrə qoyduğu sərmayə 2016-cı ilə nisbətən 17,4% artaraq 89,7 mlrd.yuan (13,8 mlrd. ABŞ dolları) təşkil etmişdir. Şirkətin tədqiqat və işləmələrə çəkdiyi xərclər son onillik ərzində 394 mlrd. yuandan (60,4 mlrd. ABŞ dolları) artıq olmuşdur. 

"Biz yeni bir yol seçmişik. İmkanlar və çağırışlar əvvəlkindən daha sürətlə yaranır, və bu oyunda lider qalmağın yeganə yolu daima açıq innovasiyalar tətbiq etməkdir. Növbəti 10 il ərzində Huawei şirkəti hər il 10 mlrd. ABŞ dollarından artıq sərmaye yatıraraq texnoloji innovasiyalara investisiyaları artırmağa davam edəcək. Açıq əməkdaşlıq prinsipini əsas tutaraq, ən yaxşı istedadları cəlb edib, inkişaf etdirəcəyik, gələcəkdə qeyri-müəyyənliklərin öyrənilməsinə yönələn tədqiqatlar aparmaq üçün səylərimizi artıracağıq. Biz bütün sahələrin rəqəmsal və intellektual olması üçün ən yaxşı imkanları yaratmaq istəyirik”, – deyə Huawei şirkətinin Direktor Şurasının rotasiya əsasında seçilən Sədri Keyn Xu qeyd edib. 

"2018-ci il üçün planlarımıza gələndə isə əşyalar interneti, bulud hesablamaları, süni intellekt və 5G kimi yeni texnologiyalar geniş şəkildə tətbiq olunacaq. Bütün bu proses ərzində Huawei texnoloji innovasiya və biznes transformasiyaları sahəsində öndə gedəcək. Ən əsası odur ki, biz müştərilərimizin rəqəmsallaşma yolunda qarşılaşdığı praktiki məsələlərə xüsusi diqqət yetirəcəyik. Bizim vəzifəmiz onlara bu problemləri aradan qaldırmaqda və biznesdə uğur əldə etməkdə kömək etməkdir. Nəticədə biz tam qoşulmuş, intellektual aləmin yaradılması üçün hər insan, hər ailə və hər təşkilat üçün rəqəmsal dünyanı açmağa çalışırıq”. – deyə, Keyn Xu əlavə etdi.  

2017-ci ildə Huawei şirkətinin rabitə operatorları ilə iş üzrə biznes qrupu diqqətini qlobal rabitə operatorlarına mövcud şəbəkələrin potensialından maksimal dərəcədə istifadə etmək, və video, IoT və bulud texnologiyaları seqmentində yeni imkanları tətbiq etməkdə kömək etməyə cəmləyərək, illik hesablamada 2,5% artımla 297,8 mlrd. yuan (45,7 mlrd. ABŞ dolları) məbləğində gəlir əldə etmişdir. 

Huawei şirkətinin korporativ müştərilərlə iş üzrə bölməsi bulud texnologiyaları, böyük həcmdə məlumatlar, korporativ şəhərciklər, məlumat emalı mərkəzləri, Əşyalar interneti sahəsində innovasiyalara xüsusi diqqət yetirmiş və öz məhsullarını, həllərini bir sıra şaquli sahədə geniş şəkildə tətbiq etmişdir. 2017-ci ildə Huawei şirkətinin korporativ biznesdə əldə olunan gəliri 2016-ci ilə nisbətən 35,1% artaraq 54,9 mlrd. yuan (8,4 mlrd. ABŞ dolları) təşkil etmişdir. 

İstehlak qrupunda Huawei və Honor brendləri öz bazarlarında tam sürətlə böyüməyə başlayıb. 2017-ci ildə Huawei ümumilikdə 153 milyon smartfonu (o cümlədən Honor) ixrac etmiş, illik gəlir keçən ilə nisbətən 31,9% artaraq 237,2 mlrd.yuan (36,4 mlrd. ABŞ dolları) təşkil etmişdir.  

2017-ci ildə Huawei 14 əsas kateqoriya üzrə 99 bulud servisi və 50-dən çox həll buraxan bulud texnologiyaları istiqamətini (Cloud Business Unit) yaratmışdır. Şirkət həmçinin Enterprise Intelligence (EI) platformasını təqdim etmiş və bulud servislərinin təqdim olunması sahəsində 2000-dən çox tərəfdaşla əməkdaşlıq qurmuşdur. 

2017-ci il üzrə illik hesabatın maliyyə məlumatı KPMG auditor şirkəti tərəfindən müstəqil şəkildə yoxlanılıb. 2017-ci il üzrə İllik hesabatın tam versiyası ilə www.huawei.com/en/about-huawei/annual-report/2017 keçidində tanış ola bilərsiniz.